Ukrayna Universitetində Azərbaycanşünaslıq Tədris-Mədəniyyət mərkəzi açılıb

Ukrayna Universitetində Azərbaycanşünaslıq Tədris-Mədəniyyət mərkəzi açılıb

Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) Azərbaycanşünaslıq Tədris-Mədəniyyət mərkəzi açılıb. Mərkəzin açılış mərasiminə Bakı Slavyan Universitetinin (BSU) nümayəndə heyəti də qatılıb. Bu barədə SİA-ya BSU-nun mətbuat xidmətinin rəhəbri Adil Əliyev məlumat verib. Mərkəzin açılışının Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsinə təsadüf etməsi xüsusi əlamətdar hadisə kimi qeyd oluna bilər.

Ukraynanın PİTU-da Azərbaycan Dili Tədris-Mədəniyyət Mərkəzinin açılması ilə bağlı hazırlıq işləri sona çatıb və mərkəz Azərbaycanın ədəbiyyatına, tarixinə, siyasətinə dair materiallarla təmin olunub. Bakı Slavyan Universiteti bu mərkəzi yalnız metodik vəsaitələrlə təmin etməklə kifayətlənməyib, həmçinin burada müasir texniki avadanlıqlar quraşdırılıb, xüsusi kitabxana fondu yaradılıb, xalqın mədəniyyətini və tarixini, zəngin milli adət və ənənələrini əks etdirən eksponatlar yerləşdirilib. Eyni zamanda, mərkəzdə Azərbaycanşünaslıq ixtisası istiqamətində Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini tədris etmək məqsədilə BSU-nun dosenti Yaşar Alxasov ezam edilib.

Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru A.A.Nestulya, BSU-nun tərbiyyə işləri üzrə porektoru O.Səmədov, Poltava Vilayət İcra hakiminin müavini V.V.Zanekula, Azərbaycanın Ukraynadakı səfirliynin nümayəndələri R.Qurbanov və F.Babayev, Poltava vilayət radasının sədr müavini V.A.Marçenko çıxış edərək qeyd ediblər ki, mərkəzin gələcək fəaliyyəti iki xalq arasında mövcud olan dostluq və əməkdaşıq əlaqələrinin daha da güclənməsinə şərait yaradacaq. Açılışda iştirak edən qonaqlar sırasında ukraynalı tələbələr, Ukraynada təhsil alan azərbaycanlı tələbələr və BSU-nun PİTU-da təcrübə keçən tələbələri də iştirak edib. Mərasimdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev adından təbrik məktubu oxunub və mərkəzə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, BSU-nun Azərbaycanşünaslıq istiqamətində fəaliyyəti bu mərkəzlə məhdudlaşmır. Belə ki, BSU ilə Kiyev Milli Linqvistik Universiteti, Minsk Dövlət Linqvistik Universiteti və Rusiya-Tacikistan (Slavyan) Universitetləri arasında əməkdaşlıq haqqında müqvilə imzalanıb. Müqavilənin önəmli tərəfi də budur ki, adları sadalanan universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması nəzərdə tutulur və bu məqsədlə artıq hazırlıq işlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə