Magistraturaya qəbul başlandı

Bu gündən 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ərizə qəbulu başlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-a verilən məlumata görə, bakalavrlar "Bakalavrın elektron ərizəsi" formasını fevralın 8-dən 17-dək saat 9.00-dan 17.00-dək təsdiq etdirməlidirlər.


"Elektron imza"dan istifadə edən bakalavrlar istisna olmaqla, qalan bakalavrlar ərizələrini təsdiq etdirmək üçün müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) lazımi sənədlərin əsillərini şəxsən təqdim etməlidirlər.


Bakalavrlar TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını dolduracaqlar. Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar. Bundan sonra bakalavrlar tələb olunan sənədləri müvafiq SQK-a verməklə "Bakalavrın elektron ərizəsi" formasını təsdiq etdirəcəklər. "Elektron imza" sertifikatını almış bakalavrlar həmin sertifikatlarından istifadə etməklə "Bakalavrın elektron ərizəsi" formasını SQK-a vermədən özləri təsdiq edə bilərlər.


Cari ilin məzunları "Bakalavrın elektron ərizəsi" formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da, ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları ərizələrini ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində, xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər "Bakalavrın elektron ərizəsi" formasını TQDK-da yaradılmış SQK-da təsdiq edə bilərlər.


Magistraturaya birinci mərhələnin imtahanı fevralın 26-da keçiriləcək. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə