TQDK magistratura imtahanlarına hazırlığa başlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu ilə bağlı yaradılmış sənəd qəbulu komissiyalarının (SQK) nümayəndələri üçün seminar-məşğələ keçirilib.

TQDK-nın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan TQDK-nın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov SQK üzvlərinin öz fəaliyyətlərini səmərəli təşkil etmələri üçün vacib olan məsələlərə toxunub, onların üzərinə düşən vəzifələr barədə müvafiq göstərişlər verib. O, "Bakalavrın elektron ərizəsi" formasını fevralın 8-dən 16-dək olan müddətdə dolduracaqlarını və ərizələrini fevralın 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək müddətdə təsdiq etdirə biləcəklərini söyləyib.

Şöbə müdiri bakalavrların "Elektron ərizə" formasını doldurmaları üçün lazım olan virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə edə biləcəklərini xatırladıb. Bakalavrlar mobil telefonlardan 7725 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər. Arzu Bağırov SQK-lara müraciət edən, magistraturaya qəbula dair suallar verən bakalavrlara hərtərəfli məlumat verməyin, onlarla izahat işləri aparmağın vacib olduğunu bildirib.

Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev qəbul elanı, proqram seçimi ilə bağlı məlumat vermişdir. İmtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Hidayət Zeynalov, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı İlqar Mahmudov ərizə qəbulu zamanı yarana biləcək suallara aydınlıq gətirib, "Elektron ərizə" qəbulu sisteminin proqram təminatı, bu istiqamətdə aparılmış yeniliklər və ümumilikdə sənəd qəbulunun aparılması qaydaları barədə geniş məlumat veriblər.

Tədbirdə SQK üzvləri ərizə qəbulu sisteminin real rejimdə nümayişi ilə də tanış olublar. Daha sonra SQK təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, cari ilin məzunları "Bakalavrın elektron ərizəsi" formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirəcəklər. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları "Bakalavrın elektron ərizəsi" formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirməlidirlər. Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər "Bakalavrın elektron ərizəsi" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidirlər.

"Bakalavrın elektron ərizəsi" formasının təsdiqi üçün TQDK tərəfindən yaradılmış bütün Sənəd Qəbulu Komissiyalarının siyahısı və tələb olunan sənədlər "Magistr" jurnalının 2-ci sayında dərc olunub. Bu bölmədə "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi ilə yanaşı, onun doldurulma qaydası da verilib.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcəkdir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılacaq. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcəkdir. Birinci mərhələnin imtahanı fevralın 26-da keçiriləcəkdir. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə