Ali məktəblərin magistratura pilləsinə keçiriləcək imtahanların vaxtı dəqiqləşdi
Fevral ayının 8-dən etibarən Azərbaycanda magistraturaya ərizə qəbulu başlayacaq. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura şöbəsinin müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransı zamanı məlumat verib. O bildirib ki, bakalavrlar "bakalavrın elektron ərizə forması"nı fevralın 8-dən 16-dək olan müddətdə dolduraraq fevralın 8-dən 17-dək şənbə və bazar günləri istisna olmaqla, saat 9-dan 17-dək təsdiq etdirməlidir.
Elektron imzadan istifadə edən bakalavrlar istisna olmaqla, digərləri ərizəni təsdiq etdirmək üçün sənəd qəbulu komissiyalarına (SQK) tələb edilən sənədlərin əsllərini şəxsən təqdim etməlidirlər.
Bunlardan əlavə şöbə müdiri qeyd edib ki, son tədris ilinin məzunları "bakalavrın elektron ərizəsi forması"nı bitirdikləri ali təhsil müəssisəsində yaradılan SKQ-da təsdiq etdirəcək. Ali məktəbləri əvvəlki illərdə bitirən və nəzdində sözügedən komissiya fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin bu ilki məzunları bakalavrın elektron ərizə formasını ali təhsil müəssisələrində yaradılan istənilən bir SKQ-da təsdiq etdirə bilər.
N. Əliyev bildirib ki, xarici ölkələrdə ali təhsil alan Azərbaycan vətəndaşları, əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər bakalavrın elektron ərizəsi formasını TQDK-da yaradılan SQK- da təsdiq etdirməlidir.
Konfrans zamanı bildirilib ki, magistraturaya ilk imtahan fevralın 26-da keçiriləcək. Bu ilki imtahanda bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanması üçün 50, xarici dil üzrə 25, informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.
Test üsulu ilə iki mərhələdə olacaq imtahanın hər iki mərhələsində bakalavrın hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndiriləcək. Səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB