Abel Məhərrəmov Cahangir Məmmədlini təbrik edib

Abel Məhərrəmov Cahangir Məmmədlini təbrik edib

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin kafedra müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlini anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, Cahangir Məmmədlini Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, ali jurnalistika təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi xarakterizə edən Abel Məhərrəmov deyib ki, Cahangir müəllim uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəldib, xalqımızın adını daim uca tutub.

Rektorun sözlərindən məlum olub ki, professorun səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb. O əlavə edib ki, 45 ildən artıq ki, mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olmuş, jurnalistika məsələlərinə dair sanballı tədqiqat əsərlərinin, çoxsaylı məqalələrin müəllifi kimi tanınmış Cahangir müəllim müasir Azərbaycan peşəkar jurnalistikası konsepsiyasının əsaslarının formalaşdırılmasında, bununla da bu elmin inkişafında və böyük bir jurnalistlər nəslinin yetişməsində müstəsna xidmətlər göstərib.

C.Məmmədli bildirib ki, işlərinin çoxluğuna baxmayaraq, Abel müəllimin hər bir ziyalıya fərdi yanaşması və diqqətdə saxlamasının kökündə onlara olan məhəbbət, hörmət, istək dayanır. Universitetin köhnə cəftəsinin belə onun üçün müqəddəs olduğunu deyən yubilyar ona göstərilən diqqətə görə rektora təşəkkür edib.

Akademik Abel Məhərrəmov sonda bildirib ki, Cahangir müəllim kimi ziyalıların mövcudluğu Bakı Dövlət Universitetinin nüfuzunu yüksəltməklə bərabər gənc nəsildə məsuliyyət hissini bir qədər də artırır, onlarda vətənə və xalqa sədaqətlə təmənnasız xidmət etmək hisslərini inkişaf etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə