Azərbaycan universitetlərinin diplomlarının İranda tanınması qaydalarına dəyişiklər edilib

Azərbaycan universitetlərinin diplomlarının İranda tanınması qaydalarına dəyişiklər edilib

İranın Elm, Texnologiya və Araşdırmalar Nazirliyi Azərbaycan universitetlərinin diplomlarının İranda tanınması qaydalarına dəyişiklər edib. SİA-nın isna.ir saytına istinadən verdiyi xəbərə görə, nazirlik Azərbaycanda təhsil alan iranlı tələbələrin diplomlarının tanınması ilə bağlı yeni qaydaları və diplomları tanınan ali məktəblərin siyahısını açıqlayıb.

Qaydalara görə, iranlı tələbələr bakalavr, magistr, mütəxəssis, elmlər doktoru pillələri üzrə Azərbaycanın on ali təhsil müəssisəsində müxtəlif elmi dərəcələr üzrə təhsil ala bilərlər. Ancaq belə olan halda bu tələbələrin diplomları İranın Elm, Texnologiya və Araşdırmalar Nazirliyi tərəfindən etibarlı sayılacaq. Dipomları tanınacaq ali mətkəblərin siyahısına isə aşağıdakılar daxildir:

Bakı Dövlət Universiteti - bütün təhsil pillələri üzrə

Azərbaycan Memarlıq və İnşaat Universiteti - bütün təhsil pillələri üzrə

Azərbaycan Milli Elmlər Akademiyası - elmlər doktoru proqramı üzrə

Azərbaycan Dövlət Neft Akademiyası - bütün təhsil pillələri üzrə

Bakı Musiqi Akademiyası - bakalavr və magistr pilləsi üzrə

Azərbaycan Dövlət İncəsənət Akademiyası - yalnız incəsənət və rəssamlıq ixtisasları üzrə bakalavr və magistr pillələri

Azərbaycan Milli Konservatoriyası - bakalavr və magistr pillələri üzrə

Azərbaycan Texniki Universiteti; - bakalavr və magistr pillələri üzrə

Naxçıvan Dövlət Universiteti - bakalavr və magistr pillələri üzrə

Xəzər Universiteti - iqtisadiyyat, idarəetmə, memarlıq, mühəndislik, hüquq, incəsənət, humanitar və sosial elmlərin bakalavr və magistr pillələri üzrə.

Bütün bu qaydalar bu il fevralın 1-nə kimi Azərbaycanda təhsil alan iranlı tələbələrə şamil edilir. Azərbaycanda təhsil almaq istəyən iranlılar Azərbaycan dilini 6 ay ərzində öyrənməli və bu barədə İranın Elm, Texnologiya və Araşdırmalar Nazirliyinə təsdiqləyən arayışı təqdim etməlidirlər. Onlar Azərbaycan univeristetlərində yalnız əyani təhsil almalıdırlar. Bakalavr pilləsinə təhsil almaq istəyən iranlıların 12 illik orta təhsil sənədi, həmin sənədin orta balı isə 14 olmalıdır. Azərbaycanın orta məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsi zamanı ən yüksək bal "beş" olduğu halda, İranda bu bal "iyirmi"dir. Azərbaycanda magistratura səviyyəsi üzrə təhsil almaq istəyən iranlı bakalavrların diplomlarının orta balı 15 olmalıdır. Mütəxəssis diplomu almaq üçün təhsil alan iranlılar bu diplomu bu il fevralın 1-dən sonra alacaqları təqdirdə onların bu təhsil sənədləri etibarsız hesab olunacaq.

Siyahıda adı qeyd olunmayan Azərbaycanın digər universitetlərində təhsil alan iranlı tələbələrin alacaqları diplomun tanınması ilə bağlı sonradan hər hansı problemin yaranmaması üçün tələbələr indidən İranın Elm, Texnologiyalar və Araşdırmalar Nazirliyinə müraciət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə