ABŞ təşkilatının rəhbəri ATİ-nin qonağı olub

ABŞ təşkilatının rəhbəri ATİ-nin qonağı olub

ABŞ-da fəaliyyət göstərən ASLAN GLOBAL təşkilatının rəhbəri Kaia Miller Azərbaycan Turizm İnstitutunun qonağı olub. SİA-nın xəbərinə görə, ATİ-nin prorektoru Eldar Aslanov Kaia Milleri səmimi salamladıqdan sonra öncə tanışlıq məqsədilə institutun yaranma tarixi, fəaliyyəti, az müddətdə beynəlxalq təşkilatlarla əlaqələri, ölkənin turizm sənayesinin inkişafına təkan verəcək ixtisaslı kadr hazırlığı istiqamətində əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. ATİ-nin nəzdində yeni yaradılan Bakı Turizm Peşə Məktəbinə 2012/2013-cü tədris ili üçün ilk şagird qəbuluna artıq start verildiyini bildirib. E.Aslanov deyib ki, Azərbaycan Respublikası ilə Dünya Bankı arasında 2007-ci ildə kredit sazişi əsasında imzalanmış "Böyük Bakının Regional İnkişaf Planı 1 (BBRİP)" işlənib hazırlanmasında ABŞ ASLAN GLOBAL təşkilatının məsləhətçi kimi funksiyası faydalı olub.

Qonaq isə öz növbəsində Azərbaycana səfər proqramını açıqlayıb, "Böyük Bakının Regional İnkişaf Planı 1" layihəsi çərçivəsində dövlət strukturları ilə görüşlərin keçirilməsi, Azərbaycanın turizm potensialı, mövcud turizm infrastrukturları, turizmin inkişafında dövlətin rolu, mövcud dövlət proqramları ilə tanışlıq, eləcə də müvafiq sahələrlə bağlı məlumat toplamaq missiyasının icrasında maraqlı olduğunu dilə gətirib. Elə bu səbəbdən Azərbaycan Turizm İnstitutunda olması səbəbsiz deyildir.

Görüşün sonunda prorektor Eldar Aslanov bir daha qonağın nəzərinə çatdırıb ki, turizm bütün ölkələrdə olduğu kimi Azərbaycan şəhərlərinin inkişafında da mühüm rola malikdir. Xüsusilə Bakı turizmin inkişafı baxımından daha önəmli sayılır. "Böyük Bakının Regional İnkişaf Planı 1" layihəsinin işlənib hazırlanmasında turizm amilinin nəzərə alınması da sıradan bir hadisə olmayıb həm məsuliyyət, həm də etimad deməkdir".

Görüşün sonunda Azərbaycan Turizm İnstitutu ilə ABŞ-ın ASLAN GLOBAL təşkilatı arasında əməkdaşlığın faydalı olacağı xüsusi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə