DQMK müsabiqələrin test imtahanı nəticələrini açıqladı

DQMK müsabiqələrin test imtahanı nəticələrini açıqladı

4, 21 oktyabr və 4 noyabr 2011-cu il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunan müsabiqənin test imtahanı mərhələsi 25 noyabr–14 yanvar tarixlərdə keçirilib. SİA-nın xəbərinə görə, müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin bəzi sahələr üzrə bilikləri yoxlanılıb.

Müsabiqədə iştirak etmək üçün Komissiyada 5286 namizəd qeydə alınıb. Onlardan 1258 nəfəri (bütün namizədlərin 23.80%-i, test imtahanında iştirak edən 4059 namizədin 30.99%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 535 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını, 392 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb, 331 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını yığa bilib.

Namizədlərdən 1227 nəfəri (bütün namizədlərin 23.21%-i) test imtahanında iştirak etməyib. Bunlardan 249 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 128 nəfəri İqtisadi İnkişaf Nazirliyi, 88 nəfəri Dövlət Sosial Müdafiə Fondu, 69 nəfəri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə qeydə alınmış namizədlərdir. Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb və komissiyasının rəsmi internet saytında da yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə