Müəllimin köhnəsi, diplomun saxtası - ARAŞDIRMA

Müəllimin köhnəsi, diplomun saxtası - ARAŞDIRMA

Nəhayət ki, uzun illərdən sonra ölkədə saxta diplom satılması faktının olması rəsmi şəkildə təsdiqləndi. Təhsil naziri Misir Mərdanovun bu mesajı təhsil işcilləri arasında əməlli başlı narahatlığa səbəb oldu. Nazirlik tərəfindən aparılan araşdırmalar rayon məktəblərində minlərlə müəllimin uzun illərdir saxta sənədlərlə çalışdığını üzə çıxarıb.

Problem daha çox təhsil sahəsində yayılsa da, digər sahələrdə də saxta diplomlarla işləyənlər az deyil. Bu gün nazirliklərdən tutmuş, orta məktəblərdəki müəllim yerlərinə qədər saxta diplomla işə düzələn kadrlara rast gəlmək mümkündür. Əsasən bölgələrdə bu hal geniş vüsət alıb. Rayonların orta məktəblərində çalışan müəllimlər arasında saxta diplomla işləyənlərin sayı daha çoxdur. Araşdırma zamanı bəlli olub ki, uzun illərdir orta məktəblərdə müəllim kimi çalışan minlərlə təhsil işçisinin diplomları saxta imiş. Onların arasında universitetlərə qanunsuz yollarla daxil olanlar, xarici filiallardan köçürülənlər və ümumiyyətlə fəaliyyəti mövcud olmayan kollec və texnikumların məzunları var.

Təhsil Nazirliyi tərəfindən ötən il 58970 nəfər müəllimin təhsil sənədləri ekspertizadan keçirilib və nəticədə 455 nəfərin diplomlarının saxta olduğu aşkarlanıb. Bundan əlavə, Azərbaycanda 1991/92- 2010/2011-ci tədris illərində Şuşa, Xızı, Ağdam, Qubadlı, Xocalı, Zəngilan, Oğuz, Kürdəmir, Laçın, Füzuli, Hacıqabul rayonlarının ümumtəhsil məktəblərində işə qəbul olunmuş 6889 pedaqoji işçinin diplomlarının surəti ekspertizadan keçirilib. Ağdamda 11, Qubadlıda 2, Xocalıda 1, Kürdəmirdə 2, Laçında 2, Füzulidə 3-nün təhsil sənədinin saxta olduğu aşkar olunub.

Ancaq əlbəttəki ortaya haqlı sullar çıxır. Ümumiyyətlə, hazırda işdən çıxarılan müəllimləri bu saxta diplomlarla təmin edən qanunsuz təhsil müəssisələri necə fəaliyyət göstərib? Müəllimlər işə götürülərkən onların təhsil sənədləri niyə araşdırılmayıb? Və bu qanunsuz sənədlərlə işə qəbul necə baş verib?

Bu və ya digər məsələlərə Təhsil Nazirliyinin şöbə müdiri Xəyyam Fərəcov aydınlıq gətirib. O bildirib ki, saxta diplomlara qarşı uzun zamandır mübarizə aparılsa da ötən ildən geniş vüsət alıb: "Ötən ildən başlayaraq bu proseslər daha da intensiv xarakter aldı və may-iyundan başlayaraq müəllimlərin sənədlərinin ekspertizadan keçirilməsinə başlandı. Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində 455 müəllimin saxta diplomla işlədiyi aşkarlandığı məlum olub. Belə diplomlara bütün rayonlarda rast gəlinib,ancaq birində, birində çox. Goranboy, Göygöl, Qəbələ, Bərdə və s. bu kimi rayonlarda belə saxta diplomlu kadrlar daha çox aşkar olunub. Bu proses gələcəkdə də davam edəcək. Hər hansı belə sənədlərlə işləyənlər aşkar olunduqda onlar barəsində lazımi işlər görüləcək".

Hazırda rayon təhsil şöbələri tərəfindən həmin müəllimlərin işdən çıxarılması prosesi gedir.Amma bu günlərdə yerlərdə müvafiq məhkəmə orqanlarının qərarı ilə rayon Təhsil Şöbələri tərəfindən saxta diplom faktı ilə işdən çıxarılan müəllimlərin yenidən işə qaytarılıb. Məlumata görə diplomlarının saxta hesab edilməsi ilə bağlı işdən uzaqlaşdırılan və bununla əlaqədar Cəlilabad rayon Məhkəməsinə müraciət edən müəllimlərin böyük bir qismi işlərinə bərpa olunublar. Müəllimlərin şikayətləri ilə bağlı 76 şikayət üzrə məhkəmə işinə xitam verilib: "Onlar işdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət ediblər. Həmin şəxslərin işə bərpası ilə bağlı rayon təhsil şöbəsi və məktəb direktorları arasında razılaşmalar olub, barışıq sazişi imzalanıb, məhkəmə bu sazişə əsasən işlərin hamısına xitam verib".

Bərdə rayonunda aşkarlanan saxta diplomlu müəllimlər yenidən işə qaytarıla bilər. Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rahilə İsmayılova SİA-ya açıqlamasında bildirib ki, saxta diplomları aşkarlanan müəllimlərin işləri hazırda Bərdə rayon Məhkəməsində müzakirə olunur. R.İsmayılovanın sözlərinə görə, saxta diplomla işdən çıxarılan müəllimlərdən 4-nün yenidən işə qayıda bilmək şansı var.

Hazırda bu proses digər bölgələrdə də davam etdirilir. Amma inanırıq ki, bütün bu proseslərin sonunda saxta diplomlu müəllimləri qismən də olsa Azərbaycan təhsilindən kənarlaşdırmaq mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə