Magistratura üzrə yeni ixtisaslara qəbul keçiriləcək

Magistratura üzrə yeni ixtisaslara qəbul keçiriləcək

"2011-ci ilin sentyabrın 1-dən Nazirlər Kabinetinin qərarı ilə magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı qüvvəyə minib. Magistraturaya bu ildən yeni ixtisaslara keçid nəzərdə tutulur. Hazırda bununla bağlı ali məktəblərlə iş aparılır". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev məlumat verib. O bildirib ki, 2009-cu ildə yeni nomenklaturaya keçiriləndən sonra bakalavrlar öz təhsillərini 2013-cü ildə başa vuracaqlar. Amma müasir tələblərinə uyğun olaraq gözləməyin mümkün olmadığını deyən şöbə müdirinin sözlərinə görə, bu ildən magistraturaya qəbulda yeni ixtisaslara keçiləcək.

"Amma bəzi ixtisaslar var ki, burada bakalavrlar hələ ki təhsilini başa vurmayıb. Məsələn, Azərbaycan Dövlkət Aqrar Universitetində tədris olunan balıqçılıq təsərrüfatı yeni ixtisasdır. 2009-cu ildən bakalavriat səviyyəsi üzrə tətbiq olunub. Yeni ixtisasların siyahısı "Magistr" jurnalının 3-cü sayında dərc olunur ki, bu da fevralın sonlarında işıq üzü görür. Bu vaxta kimi də ixtisasları dəqiqləşdirib bu barədə ictimaiyyətə məlumat verəcəyik. Bakalavrlar üçün indi maraqlı olan I mərhələdən keçməkdir. Onlar imtahan verərək nəticələrini bildikdən sonra bunlar hamısı növbəti sayda çap olunaraq bakalavrlara təqdim olunacaq", - deyə o əlavə edib.

Natiq Əliyev qeyd edib ki, ali məktəblər öz təkliflərini Təhsil Nazirliyi ilə razılaşdırdıqdan sonra TQDK-ya verəcək. Onun sözlərinə görə, yanvarın sonuna qədər bu ixtisas üzrə məlumatlar toplanılacaq və son qərar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə