Təhsil Nazirliyi 2011-ci ildə ən çox şikayət edilən məsələləri açıqladı
2011-ci ildə Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; elektron poçt ünvanı: [email protected]) 30124 müraciət daxil olub. SİA-nın xəbərinə görə, müraciətlərin 27135-i telefonla, 2989-u elektron poçt vasitəsilə qəbul edilib. Daxil olmuş müraciətlərin böyük əksəriyyəti, 28893-ü (95,9 faiz) sorğu, 1231-i isə (4,09 faiz) şikayət xarakterlidir.
"Qaynar xətt" xidmətində yanvarda 910, fevralda 2107, martda 1707, apreldə 1824, mayda 2102, iyunda 4781, iyulda 4153, avqustda 2479, sentyabrda 3956, oktyabrda 2256, noyabrda 2225, dekabrda isə 1624 müraciət qeydə alınıb.
2010-cu illə müqayisədə 2011-ci il ərzində "Qaynar xətt" xidmətinə 2,3 dəfədən çox müraciət daxil olub. "Qaynar xətt" xidmətinə daxil olan çoxsaylı müraciətlərin təxminən 70 faizi ümumi təhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar olub.
Ötən il "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin 1231-i şikayət məzmunlu olub. Həmin şikayətlər məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə bağlıdır. Bu qəbildən olan müraciətlərin əksəriyyəti ümumi təhsil müəssisələri ilə əlaqədardır. Müraciətlərin əksər hissəsini Bakı, bir qismini isə Sumqayıt və Şirvan şəhərlərindən daxil olan müraciətlər təşkil edir. Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərdə, əsasən uşaqların qəbulu, verilən ərzağın keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq bağçalarının binalarının təmiri, qızdırılması və digər problemlərdən bəhs olunur. Bu müraciətlərin çoxu Bakı, Gəncə və Sumqayıt şəhərlərindən edilib.
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış və yay imtahan sessiyaları dövründə özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərin sayı dövlət ali və orta ixtisas məktəblərindən daxil olan ünvanlı şikayətlərdən daha çox olub. Fəaliyyəti dayandırılmış özəl ali təhsil müəssisələri tələbələrinin köçürülməsi ilə əlaqədar 2010-2011-ci tədris ilində də bir sıra şikayət xarakterli müraciətlər qəbul edilib.
"Qaynar xətt" xidmətinə daxil olanmüraciətlərin araşdırılmasının nəticələrinə əsasən Ağcəbədi rayonu Qiyamadinli kənd tam orta məktəbinin müəllimi N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəllimi A.Əmrahovanın diplomlarının saxta olduğu müəyyənləşdirilib, sənədlər müvafiq qaydada tədbir görülməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Həmin müəllimlər işdən azad ediliblər. Eləcə də digər müraciətlər əsasında Bakı şəhərindəki 37 nömrəli məktəbin direktoruna xəbərdarlıq olunub, həmin məktəbin direktor müavininə və 153 nömrəli körpələr evi-uşaq bağçasının müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Digər müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində qaldırılmış məsələlər də həllini tapıb. Belə ki, İ.Əfəndiyev adına Elitar gimnaziyanın informatika müəlliminin şagirdlərin biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verdiyi müəyyənləşdirilib və təhsil müəssisənin rəhbərliyi tərəfindən ona töhmət verilib. Digər bir müraciətin araşdırılması nəticəsində isə şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı vermiş Xəzər rayonundakı 183 nömrəli məktəbin sinif rəhbərinə ciddi xəbərdarlıq edilib.
Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi şagirdin biliyinin qiymətləndirilməsində səhvə yol verdiyi üçün ona töhmət verilib. İşdə yol verdikləri nöqsanlara görə bir neçə nəfərə inzibati cəza tətbiq edilib. Belə ki, Bakı şəhərindəki 74 nömrəli orta məktəbin müəlliminə töhmət, işə üzrsüz səbəbdən gəlmədiyinə görə 249 nömrəli orta məktəbin müəllimi ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib və digər inzibati cəza tədbirləri görülüb. Şikayət daxil olan digər təhsil müəssisələrinin rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
Qeyd etmək lazımdır ki, araşdırmalar zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, başqa bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB