Bakı Turizm Peşə məktəbi şagird qəbuluna başlayır

Bakı Turizm Peşə məktəbi şagird qəbuluna başlayır

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutunun nəzdində 11 saylı Bakı Peşə Litseyinin bazasında Bakı Turizm Peşə Məktəbinin yaradılması və şagird qəbulu prosesinə start verilib. ATİ-nin prorektoru Eldar Aslanov SİA-ya 2012/2013-cü tədris ilinin birinci yarısı üçün şagird qəbulu ilə bağlı açıqlamasında deyib ki, Azərbaycan Turizm İnstitutu Bakı Turizm Peşə Məktəbində əsasən Turizm agenti, Aşbaz, Barmen, bufetçi, ofisiant, Milli park bələdçisi, Dağ-xizək turizm növü üzrə bələdçi, Bərbər (kişi və qadın), Mühasib fərdi kompyuter operatoru, Əməlyyatçı mühasib, Ekoloji turizm bələdçisi, Kimyəvi təmziləmə aparatçısı ixtisasları üzrə kadr hazırlanacaq.

"Təhsil müddəti 1 il olmaqla dərslər Azərbaycan və Rus dillərində keçiriləcək. Sənədlərin qəbulu 12 yanvar–12 fevral 2012-ci il tarixində bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək, şənbə günü 10:00-dan 13:00-dək qəbul ediləcək. Sənədlərin qəbulu fevralın 12-də dayandırılacaq. Bakı Turizm Peşə Məktəbinə sənəd vermək istəyənlər Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 822/23-cü məhəllə Azərbaycan Turizm Institutu 402-ci otaq və ya Bakı şəhəri, 8-ci mikrorayon Heydər Hüseynov küçəsi 17 (Zirvə şadlıq sarayının yanı) Bakı Turizm Peşə Məktəbində qəbul ediləcək", - deyə prorektor əlavə edib.

E.Aslanov vurğulayıb ki, qəbulun ümumi qaydalarına əsasən məktəbə Azərbaycan vətəndaşları sənəd verə bilərlər. Əsas təhsil bazasını bitirən şagirdlərə attestatın verilmədiyini deyən prorektorun sözlərinə görə, şagirdlərə peşə hazırlığı ilə yanaşı xarici dillərdən ingilis, rus, alman, fransız, ərəb) dillərdən hər hansı birinin öyrədilməsi həyata keçirilir: "Qəbul zamanı xarici dilləri müəyyən səviyyədə bilənlərə üstünlük verilir. Təhsil müddəti ümumi iş stajına daxil edilir. Məktəbdə dövlət hesabına təhsil alanlara təqaüd verilir. Məktəbə qəbul əsasən test və ya müsabiqə yolu ilə həyata keçirilir. Məktəbə daxil olmaq üçün direktorun adına yazılmış ərizə, təhsil haqqında sənədin əsli və surəti, doğum haqqında şəhadətnamə və yaxud şəxsiyyət vəsiqəsinin əsli və surəti, yaşayış yerindən arayış, 3-4 sm ölçülü 4ədəd foto şəkil, tibbi arayış tələb olunur. Ölkəmizin turizm sənayesində çalışmaq istəyən hər bir Azərbaycan vətəndaşı ATİ Bakı Turizm Peşə Məktəbində təhsil almaq şansına malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə