İqtisad Universitetinin rektoru: “Yaxın gələcəkdə 65 yaşdan yuxarı yaş senzi ali təhsilə də şamil olunacaq” - AÇIQLAMA

İqtisad Universitetinin rektoru: “Yaxın gələcəkdə 65 yaşdan yuxarı yaş senzi ali təhsilə də şamil olunacaq” - AÇIQLAMA

"Bu gün Azərbaycanda elmi dərəcəsi olan alimlərin sayı 11 mindən çoxdur. Onların əksəriyyəti ali təhsil müəssisələrində və elmi müəssisələrdə çalışır, 52%-nin yaşı isə 65-dən yuxarıdır. Azərbaycan Dövlət İqtisad Universitetində çalışan 1000-ə yaxın müəllim, professor heyətindən 305-ə yaxınının yaşı 65-i keçib. Bu isə təhsil üçün böyük rəqəmdir". Bunu SİA-ya açıqlamasında millət vəkili, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev deyib.

Rektor bildirib ki, ötən il prezidentin sərəncamı ilə 65 yaş senzinin ali məktəb müəllimlərinə şamil edilməsə də bu təhsil ictimaiyyəti üçün ciddi bir siqnal oldu. Ş.Hacıyevin sözlərinə görə, yaşlı nəsli kreativ düşüncəli, savadlı, dövlətçiliyinə, milli dəyərlərinə sadiq olan gənclərlə əvəz edilməlidir. Bu tək vəzifə yox, dövlət qarşısında da olan vicdan borcudur.

"Bu işlə bütün təhsil müəssisələrinin rəhbərləri, xüsusilə təhsil naziri ciddi məşğul olmalıdır. Pedaqoji təhsilin səmərəliliyi qalxmalı və orta məktəblərə ən savadlı müəllimlər gəlməlidir. Lakin təhsilin bir sahəsini inkişaf etdirməklə ümumi nəticəyə nail olmaq olmaz. Təhsilin bütün pillələri, səviyyələri arasında sıx vəhdət olmalıdır. Bu proses bütünlükdə təhsil sistemində həyata keçirilməlidir. Belə olan halda biz lazım olan nəticəni əldə etməyə nail ola bilərik. Bu yaxımlarda Nazirlər Kabineti müəllimlərin dövlət qulluğuna keçirilməsi ilə bağlı müəyyən müzakirələr aparıblar. Təhsil haqqında qanunda da inzibati və administrativ vəzifə tutmağın yaş həddi ilə bağlı xüsusi maddələr var. Yəqin ki, bu məsələ də qüvvəyə minəcək. Yaş həddinin hansı yaşdan başlayacağı isə müvafiq icra orqanlarının səlahiyyətinə aid olan məsələdir.

Yeni təlim texnologiyalarının tətbiqi artıq tamamilə yeni təfəkkürlü, xüsusi qabiliyyətə malik olan insanlara ehtiyac yaradır. Hər bir mühazirə və seminar dərslərinin keçirilməsində İKT-dən istifadə olunursa və bunu yaşlı nəsil primitiv səviyyədə istifadə etmək bacarığında deyilsə, bu da yeniliyi tələb edir. Bunun üçün ölkəmizdə bütün şərait yaradılıb. Bütün bunlardan maksimum istifadə edərək məsələləri həll etmək lazımdır", - deyə o əlavə edib.

Millət vəkili qeyd edib ki, ötən ildən 65 yaşlı müəllimlərin işdən azad olunması artıq bütün ali təhsil sisteminə də mesaj olaraq göndərilib. Bu haqqda çox ciddi fikirləşdiklərini deyən Ş.Hacıyev vurğulayıb ki, yaxın gələcəkdə 65 yaşdan yuxarı yaş senzi ali təhsilə də şamil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə