Hazırda Azərbaycanın təhsil sistemində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbinə 35 mindən artıq məktəbli cəlb edilib. Ölkədəki şahmat məktəblərinin vəziyyəti barədə SİA-ya məlumat verən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov bildirib ki, \"2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı\"nın qəbulu beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artırılması üçün böyük imkanlar açıb. Onun sözlərinə görə, Dövlət Proqramının təsdiqindən ötən müddət ərzində həmin məktəblər Təhsil Nazirliyi tərəfindən müvafiq mebel, elektron şahmat saatları və şahmat fiqurları, nümayiş lövhələri, televizor, kompüter və digər zəruri vəsaitlərlə təmin olunub.
"2010-cu ildə uşaq-gənclər şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 28, Avropa və dünya birinciliklərində 15, müxtəlif beynəlxalq turnirlərdə 62 medal, 2011-ci ilin oktyabr ayınadək isə Avropa və dünya çempionatlarında 11 medal qazanıblar. 2010-2011-ci illərdə 18 nəfər idman ustalığına namizəd, 3 nəfər idman ustası hazırlanıb. Təsadüfi deyil ki, ölkə üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 14 nəfər beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz şahmat məktəblərinin yetirmələri qazanıblar", - deyə o əlavə deyib.
A.İbrahimov qeyd edib ki, 2012-ci ildən başlayaraq pilot layihə olaraq hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərslərinin tədris olunması, fənnin tədris proqramının, müvafiq dərslik, dərs vəsaiti və metodik tövsiyələrin hazırlanması qərara alınıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB