2012-ci il paytaxtda təhsili nələr gözləyir?

2012-ci il paytaxtda təhsili nələr gözləyir?

Artıq 2011-ci il bütün sahələrdə olduğu kimi təhsil sferası da bir sıra uğurları və problemləri ilə başa çatdı. Cari 2012-ci ildə Azərbaycan təhsili bir sıra uğurlara imza atacaq. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı SİA-ya açıqlamasında bildirib ki, 2012 – ci ildə Bakının orta ümumtəhsil müəssisələrinin V siniflərində kurikulum tətbiq ediləcək. Onun sözlərinə görə, bu məqsədlə sözügedən təhsil səviyyəsində dərs deyəcək bütün fənn müəllimləri müvafiq kurikulum kurslarına cəlb ediləcək. Hazırda kurikulumun sözügedən təhsil səviyyəsində tətbiqi və müəllimlərin kurslara cəlb edilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Həmin müəllimlərin siyahısı tam hazırlandıqdan sonra Təhsil Nazirliyinə təqdim ediləcək.

Gələn il təhsil müəssisələrində metodiki işin yüksək səviyyədə qurulması ilə bağlı müvafiq addımlar atılacaq. Bu məqsədlə təşkil edilən hər bir fənn üzrə dayaq məntəqəsinin maddi – texniki bazasının gücləndirilməsi, xüsusilə də İKT avadanlıqları ilə təmin edilməsi planlaşdırılır.

Gələn il riyaziyyat fənnindən test yoxlamasının IV – VI siniflərdə tətbiq edilməsi də planlar arasındadır. Bununla da IV sinfi bitirən şagirdlərin növbəti təhsil pilləsində hansı biliklərə yiyələndiyini və əldə edilən nəticələrin nə dərəcədə bir – birinə uyğun gəldiyini müşahidə etmək olacaq. Həmçinin gələn il şagird və müəllimlərin istedadlarının üzə çıxarılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, futbol və şahmatın inkişafı, "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri ilə əlaqədar da bir sıra işlərin görülməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə