Səhiyyə Nazirliyində 2011-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, ilk olaraq iclası giriş sözü ilə acan nazir Oqtay Şirəliyev il ərzində görülən işlər, əldə olunan nailiyyətlər haqqında qısaca məlumat verib.
Daha sonra ilin yekunlarına həsr olunan əsas məruzəçi qismində çıxış etmək üçün söz Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayevaya verilib. Son illərdə əldə edilmiş dinamik inkişaf tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün güclü zəmin yaratdığını bildirən aparat rəhbəri son 10 illə müqayisədə, 2011-ci ildə doğum göstəricisinin əhalinin hər 1000 nəfərə 13,7-dən 19,3-ə qalxmasını, ölüm hallarının isə həmin illərdə 6,2-dən 5,8-ə düşməsini bildirib. Qeyd olunub ki, təbii artım 8,1-dən 13,5-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Ömür uzunluğu da 71,9 yaşdan 73,6 yaşadək artıb.
Z.Mustafayeva, ildən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılmasının və 2001-ci illə müqayisədə 2011-ci ildə bu vəsaitin təxminən 12 dəfə artdığını bildirib. Bu da səhiyyə müəssisələrində çoxsaylı təmir və tikinti işlərinin aparılmasına və müasir səviyyədə təchizatına imkan verib. Yalnız son 5 ildə 400-dən artıq tibb müəssisəsi yeniləşərək istifadəyə verilib.
Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşıb. Bu ildən stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların sayı 60-dan 166-ya çatdırılıb. Cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayının da xeyli artmasına baxmayaraq, əməliyyatlardan sonra ölüm hallarının sayı 2 dəfə azalıb.
Z.Mustafayeva əsaslı təmir və yenidənqurma işlərindən sonra Elmi Cərrahiyyə Mərkəzində bu ildən açıq ürək əməliyyatlarının icrasına başlanıldığı və 300-dən artıq əməliyyat həyata keçirildiyini, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında böyrəkköçürmə əməliyyatların icrasına başlandığını vurğulayıb. Dövlət proqramlarının icrasından danışan aparat rəhbəri Şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşması, qeydiyyata götürülən xəstələrin sayının 2 dəfədən çox artmasını və hazırda 150 mini keçdiyini bildirib. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən əziyyət çəkən xəstələrin ölüm göstəricisi də enib.
Onkoloji xəstəliklərin aşkarlanması və onlara göstərilən tibbi yardımın səviyyəsi də yaxşılaşmış, bu xəstəlikdən ölüm hallarının sayı azalmışdır.
Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il Respublikanın bölgələrində yeni dializ mərkəzləri açılır. Hazırda respublikada 24 mərkəzdə 1800-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.
Bu gün Azərbaycanda, uşaqların yoluxucu xəstəlikdən qorunması üçün, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir. O cümlədən, bu ildən etibarən körpələrimiz daha bir qorxulu infeksiyaya-Hemofilus B infeksiyasına qarşı planlı peyvəndə cəlb olunublar. Nəticədə nəinki idarəolunan, eləcə də bir çox digər infeksiyaların profilaktikası üzrə nəzərəçarpan nailiyyətlər qazanılıb ki, bu da respublikada epidemioloji sabitliyi təmin edib.
Görülən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Əgər 2006-cı ildə respublikada körpə ölümü göstəricisi 11,9 promilli idisə, 2011-ci ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2006-cı illə müqayisədə 34,2-dən 2011-ci ildə 15,2-ə enib.
Vərəmlə mübarizə işinə xüsusi diqqət yetirilib. Vərəmin diaqnostikasının yaxşılaşdırılması, dərmanlara davamlı vərəm xəstələrinin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub. Belə ki, ötən illə müqayisədə 2011-ci ildə ilkin xəstələnmə və bu xəstəlikdən ölüm hallarının sayı azalıb.
Səhiyyənin tərkib hissəsi olan özəl səhiyyənin inkişafı da nazirliyin diqqət mərkəzində olub. Hazırda respublika üzrə 463 özəl tibb müəssisəsi və kabineti, eləcə də 914 əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyinin daimi nəzarətində olub. İnkişaf etmiş ölkələrdə olduğu kimi cari il Azərbaycanda tibb işçilərinin sertifikasiyasına başlanılıb. Bu günə kimi 38 ixtisas üzrə 3000-dən artıq həkim sertifikat alıb.
2011-ci ildən ilk dəfə olaraq həkimlərin ixtisaslar üzrə hazırlığının rezidentura vasitəsi ilə həyata keçirilməsinə başlanılıb. Bu il 300 həkim rezidenturaya qəbul olunublar. Hesabat ili ərzində 200-dən artıq həkim və orta tibb işçisi xarici ölkələrinin qabaqcıl klinikalarında ixtisasartırma kursları keçib. Bununla yanaşı, həkimlər üçün şüa diaqnostikası, qastroenterologiya, kardiologiya, nefrologiya və s. ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda kurslar təşkil olunub və 500-dən artıq həkim öz təcrübi biliklərini artırıb.
Z.Mustafayeva bildirib ki, 2011-ci ildə 15 tibb işçisinə "Əməkdar həkim", 2 nəfərə – "Əməkdar müəllim" fəxri adları verilib, 1 nəfər "Şərəf" ordeni, 16 nəfər isə "Tərəqqi" medalı ilə təltif ediliblər. 24 tibb işçisi Səhiyyə Nazirliyinin "Fəxri Fərman"ına layiq görülüb.
Aparat rəhbəri 2011-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci Sessiyasının Bakıda keçirilməsi və Azərbaycanın bu qurumun İcraiyyə Komitəsinin üzvü seçilməsi ən əlamətdar hadisələrindən biri kimi qeyd edilə biləcəyini diqqətə çatdırıb. O bildirib ki, bu şübhəsiz ki, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının məntiqi nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB