Məleykə Abbaszadə: “Mərkəzləşmiş imtahanlarla bağlı təkliflərimizi nazirliyə göndərsək də nəticələrdə ciddi irəliləyiş görmürük”
"Bu il orta məktəbləri 100 min məzun bitirib. Onların 19,63 faizi attestat alıb, 20 faizi isə attestat ala bilməyib. Məzunların 32 faizi qəbul olmayıb, qalanları isə müxtəlif ballarla ali təhsil müəssisələrinə və orta ixtisas məktəblərinə qəbul olublar. Beləliklədə 70 faizdən çox məzun əmək bazarına məktəbdə olan biliklərlə daxil olur".
SİA-nın verdiyi xəbərə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə çıxışında bildirib. Onun sözlərinə görə, gələcəkdə həmin şəxslər əmək bazarındakı rəqabətə davam gətirə bilməyəcəklər: "Mərkəzləşmiş imtahanlar keçirilirsə, belə nəticələr olmamalıdır. Nə üçün 3 ildir qəbul imtahanlarından əvvəl keçirilən mərkəzləşmiş imtahanların nəticələrinə əsasən, 0-100 bal toplayan uşaqlara attestat verib, TQDK-ya göndərir?".
Məleykə Abbaszadənin sözlərinə görə, attestat ala bilməyən 20 min gəncin taleyi də narahatlıq doğurur: "Orta məktəblərə keçirilən buraxılış imtahanlarının nəticələri də bu uşaqların taleyinə təsir edib. 2009-cu ildən başlayaraq biz mərkəzləşmiş imtahanlarla bağlı təkliflərimizi Təhsil Nazirliyinə göndərmişik. Lakin bu 3 il ərzində bu imtahanların nəticələrində ciddi irəliləyiş görmədik. Bu problemlər birgə müzakirə olunmalıdır. 2002-ci ildən biz attestat qiymətləri ilə qəbul imtahanlarının nəticələrini müqayisə edib Təhsil Nazirliyinə məlumat vermişik. 2003-cü ildən isə bununla bağlı ictimaiyyəti məlumatlandırmağa başlamışıq. O zaman əlaçıların sayı 4500-dən çox idi. İndi əlaçıların sayı xeyli azalsa da 0-100 bal nəticə göstərən əlaçılar hələ də var".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB