Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xaçmazda inşa edilmiş orta məktəbin açılışı olub
Bu gün Xaçmaz rayonunun ən ucqar yaşayış məntəqələrindən birində - Şimali kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş orta məktəb binasının açılışı olub. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində tikilmiş bu məktəbdə tədris rus dilində olacaq. Məktəbdə, eyni zamanda 120 şagird təhsil alacaq.
Heydər Əliyev Fondunun, rayon və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndi. Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev mərasimdə iştirak edən müəllim və şagirdlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlarını çatdırıb. Bildirib ki, Fondun təşəbbüsü ilə Azərbaycanda və onun hüdudlarından kənarda indiyədək 300-dən artıq məktəb binası inşa edilib istifadəyə verilib.
Məktəbin direktoru O.Manafova məlumat verib ki, şagirdlər indiyədək 1906-cı ildə balıqçılar üçün taxtadan qurulmuş otaqlarda dərs keçiriblər. Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2011-ci ilin iyununda 5600 kvadratmetrlik ərazidə yeni məktəb binasının tikintisinə başlanıb.
"Bu gün isə biz müasir, geniş, işıqlı məktəb binasının açılışına toplaşmışıq. Məktəbimizdə kompüter və həkim otaqları, kitabxana, akt zalı, bufet var. Yeni məktəb binasının özəlliklərindən biri də budur ki, sinif otaqları dizel yanacağı ilə işləyən qazanxana vasitəsilə qızdırılacaq. Məktəbin həyətində yaradılmış idman meydançası da göz oxşayır. Burada məktəblilərin fiziki tərbiyəsi üçün hər cür şərait var. Məktəbin bütün tədris avadanlığı da Heydər Əliyev Fondunun hədiyyəsidir", - direktor əlavə edib.
Yeni məktəb binasının açılış mərasimində çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Ş.Xanbabayev, Milli Məclisin deputatı İ.Əliyev, ziyalılar bu xeyirxah işə görə Azərbaycanın birinci xanımına təşəkkürlərini bildirib, müasir məktəbin Şimali kəndinin əhalisinə Yeni il ərəfəsində böyük töhfə olduğunu vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB