Bu gün Azərbaycan Dillər Universitetində (ADU) xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas Mirzə İbrahimovun 100 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, xalq yazıçısı, dəyərli əsərlərin müəllifi Mirzə İbrahimovun 100 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında keçirilən silsilə tədbirlərdən biridir. Müasir gənclərin bir çoxunun Mirzə İbrahimovun həyat və yaradıcılığı haqqında məlumatı olmadığını deyən təhsil naziri onun fəaliyyəti haqqında məlumat verib.
Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev Mirzə İbrahimov kimi insanların yubileylərinin dövlət tərəfindən keçirilməsini dəyərli hal kimi xarakterizə edib. M.İbrahimovun məhsuldar yazıçı olduğunu deyən V.Əliyev yazıçının dünya ədəbiyyatının məşhur əsərlərini dilimizə çevirdiyini deyib.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, hər bir xalqın taleyində elə şəxslər var ki, onlar olmasa, xalq səhv yolla gedər. M. İbrahimov da belə şəxslərdəndir. Yazıçının qızı, xalq artisti, bəstəkar Sevda İbrahimova atasının sadə, ürəyi məhəbbətlə dolu olan adam kimi xarakterizə edib və onun qızı olmaqdan fəxr etdiyini dilə gətirib.
ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi ali məktəbdə böyük Azərbaycanın milli sərvətlərindən olan Mirzə İbrahimovun yubileyinin keçirilməsini gözəl hadisə adlandırıb. O, ADU-da xarici dilləri öyrənməklə yanaşı, doğma dili, Azərbaycan ədəbiyyatının tanınmış simalarının yaradıcılığını da öyrəndiklərini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB