İki qurumun mübarizəsi və ya ölkənin dərsik siyasəti... - ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, bir müddət öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin Azərbaycanda çap edilən orta məktəb dərsliklərində xeyli nöqsanların olduğunu deməsi təhsil sistemində müəyyən çaxnaşma yaratdı. TQDK sədri qeyd edib ki, orta məktəb dərsliklərində ciddi qüsurların olması tələbə qəbulu prosesində problemlər yaradır. Bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində də səhvlər olduğunu deyən komissiya sədri vurğulayıb ki, şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər: "Abituriyent" jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq. Qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlərin bu jurnalı oxumaları vacibdir".
M.Abbaszadənin bu fikirləri dərslik müəllifləri, bu işlə məşğul olan nəşriyyatları, Təhsil Nazirliyi və təhsil ictiamiyyəti tərəfindən birmənalı qarşılanmadı. Həmin vaxtdan bu günə kimi məsələ ilə bağlı müxtəlif cavablar verilir, bir neçə prizmadan münasibət bildirilir. Bir neçə gün öncə isə təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında bu məsələnin şouya çevirməyə ehtiyacın olmadığını dedi. Onun fikrincə, Azərbaycanın orta məktəb dərsiklərindəki səhvləri mütəxəssislərlə müzakirə etmək lazımdır: "Mən nə biologiya, nə də tarix üzrə mütəxəssisəm. Bu məsələləri şouya çevirməyə ehtiyac yoxdur. Biz dövlət adamlarıyıq. Dövlətin bu sahədə siyasətini həyata keçirən adamlar kimi, bütün məsələləri işi bilən adamlar, mütəxəssislər deməlidir. Yoxsa işi bilməyən adamların nəyinsə səhv, nəyinsə düz olmasını deməsi hesab edirəm ki, qeyri-mümkündür".
Bəs görəsən, bütün bunlar Azərbaycan təhsilinin inkişafına, şagirdlərin bilik səviyyəsinin artırılmasına necə təsir göstərəcək?. Məsələni araşdırmaq üçün ekspertlərin, təhsil ictimaiyyəti nümayəndələrinin fikirlərini öyrəndik. Təbii ki, onların hər biri məsələyə müxtəlif tərəflərdən yanaşdırlar.
Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı SİA-ya açıqlamasında dərsliklərin ağırlıq dərəcəsi, mövcud səhvlərlə bağlı ətraflı danışıb. O bildirib ki, əgər dərsliklərin ağırlıq dərəcəsi olursa, onun üçün müəyyən tapşırıqlar verilir: "Bəziləri Təhsil Nazirliyi il TQDK-nı bu məsələyə görə qarşı-qarşıya qoyur. Mən deyə bilmərəm ki, kimsə kitab hazırlamasın. Komissiya hazırladığı kitabın müəyyən hissəsini nazirliyə göndərir. Dünyanın hər bir yerində əlavə vəsaitlər, resurslar var. Amma fikirləşirik ki, bu resurslar Təhsil Nazirliyinin müvafiq şura və bölmələrindən keçsin. Əlavə vəsait kimi abituriyentlər bunlardan istifadə edir. Amma biz də istəyirik ki, burada dəqiqlik olsun. Dərslik bütövlükdə məktəbli, eyni zamanda, ali məktəbə hazırlaşan abituriyent üçündür.
Ali məktəbə hazırlaşan abituriyentlər dərslikləri, kitabları kənara qoyulmur. İstər dərslik, istərsə də əlavə vəsaitlər proqram əsasında yazılır. Amma bütün hallarda imtahanlarda, qəbul imtahanı zamanı dərslikdə olan materiallar əsasında testlər hazırlanır. Bəzən qısaldılmış, testə uyğunlaşmış yığcam materiallar hazırlanır. Amma onların hər biri proqrama uyğun olur.
Təbii ki, dərsliyi yazan adamlar mütəxəssisdir. Müəyyən nöqsanların olması kiminsə, nöqteyi-nəzərdən doğrudur. Amma müəllifin fikincə bu doğru deyil. Amma hər halda bütün hallarda çalışırıq ki, dərsliklərimiz sanballı olsun və günün tələblərinə cavab versin. Bunun məsuliyyətini bilir və hər gün çalışırıq ki, bu işlərimizi davam etdirək.
Məsələyə münasibət bildirən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı isə SİA-ya açıqlamasında bu məsələlərin şişirdilərək kütləvi informasiya vasitələrinə çıxarılmasının və yersiz müzakirələrin açılmasının əleyhinə olduğunu deyib. Onun fikrincə, belə məsələlər mikrafon qarşısında, televiziya ekranlarında və radio efirlərində, mətbuatda həll olunmur.
"Dünyanın heç bir ölkəsində ideal dərslik yoxdur. Dərsliklərdə müəyyən çatışmazlıqların olması təbiidir. Bu məsələdə ideallıq gözləmək doğru deyildir.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə xanım Abbaszadə əgər belə çatışmazlıqların olduğunu görürsə, onu yazılı şəkildə nazirliyə və müəlliflərə təqdim edə bilər. Bu daha doğru olar, ümumi işə xeyir verər.
Ölkəmizdə dərslik siyasətini Təhsil Nazirliyi həyata keçirir. Dərsliklərin yazılması tender yolu ilə olur, ölkənin nüfuzlu alimləri, müəllimləri və ictimai xadimlərinin daxil olduğu Dərslikləri Qiymətləndirmə Şurası və ekspertlər tərəfindən anonim şəkildə qiymətləndirilir, sonra təsdiq edilərək çap edilir. Təhsil Nazirliyi müntəzəm olaraq dərsliklər üzərində təkmilləşdirmə işini aparır, çatışmazlıqlar islah olunur. İş olan yerdə nöqsan da olacaq. Əsas odur ki, bu gün bizim övladlarımız məktəblərə milli dərsliklərimizlə gedirlər. Mən hakim deyiləm və intriqa olan yerdə yoxam. Ancaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin dərslik və təhsillə bağlı emosial şəkildə söylədiklərini üsulsuz hesab edirəm. Fikrimcə, yüksək vəzifəli dövlət məmurları belə davranmamalı, hərəkətləri ilə digərlərinə nümunə olmalıdırlar.
Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev isə SİA-ya açıqlamasında həm də valideyn kimi bugünki dərslikləri çox çətin və qarışıq olduğunu hesab edib. Hətta Təhsil Nazirliyində bu məsələni qaldırdığını deyən N.Quliyev bəzilərinin bunu indiki valideynlərin elmi səviyyəsinin aşağı olması ilə əlaqələndirilib: "Amma mən hesab edirəm ki, bu gün uşaqların biliyinə, dünyagörüşünə uyğun olmayan çoxsaylı qəliz, çaşdırıcı, bir-birini inkar edən məsələlər var. Çoxlu orfoqrafik səhvlər öz yerindədir. Bəzi hallarda uşaqların qavraya bilməyəcəyi, köhnə sovet dövründən qalma bəzi terminlər var ki, onları 6-7 uşaqlar bilmir və bilməyə də borclu deyillər. Ona görə də hesab edirəm ki, çox qısa zamanda Azərbaycanda dərsliklə bağlı dövlət proqramı və ya mexanizmi hazırlanmalı və yekun standartlar qəbul olunmalıdır. Bunlaırn əsasında uşaq bağçalarından başlayaraq bunlar tətbiq edilməlidir ki, uşaqlar təcrübə meydanına çevrilməsin.
Valideynlərin şikayətləri isə bununla kifayətlənmir. Onlar dərsliklərin olduğu halda məktəblərdə əlavə test kitabçalarının, vəsaitlərin tələb olduğunu deyirlər. bu əlavə vəsaitlərin ən ucuzunun qiyməti isə 2 manatdan başlayır. Hər fənn üzrə belə test kitabçaları. Əlavə vəsaitlərin tələb olunduğunu nəzərə alsaq, bunun valideynlərin büdcəsinə də nə dərəcədə mənfi təsir göstərdiyi məlum olar.
Unutmayaq ki, ölkədə dərslik siyasətini Təhsil Nazirliyi həyata keçirir. Dərsliklərdə mövcud olan və ya olmayan səhvlərdən isə sonda şagirdlər əziyyət çəkir. Bu və ya digər məsələlərin hansı nəticələr verəcəyini isə zaman göstərəcək. Hər halda, bu barədə ətraflı düşünməyə dəyər...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB