Musa Qasımlı: “TQDK sədrinin dərslik və təhsillə bağlı emosional şəkildə söylədiklərini üsulsuz hesab edirəm” - MÜSAHİBƏ

Musa Qasımlı: “TQDK sədrinin dərslik və təhsillə bağlı emosional şəkildə söylədiklərini üsulsuz hesab edirəm” - MÜSAHİBƏ

Tarix elmləri doktoru, professor, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlının SİA-ya müsahibəsi


- Son zamanlar dərsliklərdəki səhvlər və imtahanların keçirilməsi ilə bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında müəyyən anlaşılmazlıqlar yaranıb. Bu məsələ ilə bağlı sizin mövqeyiniz bilmək istərdik...

- Hər şeydən əvvəl, bu məsələlərin şişirdilərək kütləvi informasiya vasitələrinə çıxarılmasının və yersiz müzakirələrin açılmasının əleyhinəyəm. Belə məsələlər mikrafon qarşısında, televiziya ekranlarında və radio efirlərində, mətbuatda həll olunmur. İkincisi, dünyanın heç bir ölkəsində ideal dərslik yoxdur. Dərsliklərdə müəyyən çatışmazlıqların olması təbiidir. Bu məsələdə ideallıq gözləmək doğru deyildir.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə xanım Abbaszadə əgər belə çatışmazlıqların olduğunu görürsə, onu yazılı şəkildə nazirliyə və müəlliflərə təqdim edə bilər. Bu daha doğru olar, ümumi işə xeyir verər. Belə məsələlərin bu üsullarla deyilməsi kimə və nəyə xidmət edir? Dövlətin bir qurumunun rəhbərinin televiziya qarşısında digərini ittiham etməsi ziyanlıdır. Onlar məsələləri əməkdaşlıq etməklə həll etməlidirlər. Ölkəmizdə dərslik siyasətini Təhsil Nazirliyi həyata keçirir. Dərsliklərin yazılması tender yolu ilə olur, ölkənin nüfuzlu alimləri, müəllimləri və ictimai xadimlərinin daxil olduğu Dərslikləri Qiymətləndirmə Şurası və ekspertlər tərəfindən anonim şəkildə qiymətləndirilir, sonra təsdiq edilərək çap edilir. Təhsil Nazirliyi müntəzəm olaraq dərsliklər üzərində təkmilləşdirmə işini aparır, çatışmazlıqlar islah olunur. İş olan yerdə nöqsan da olacaq. Əsas odur ki, bu gün bizim övladlarımız məktəblərə milli dərsliklərimizlə gedirlər.


- Hər iki qurum arasındakı məsələlərdən sonda məktəblilər əziyyət çəkir və onlar hansı dərsliklərdən istifadə edəcəklərini bilmir. Bəzi insanlar məzunların ali məktəblərə qəbul imtahanlarında aşağı bal toplamasının bir səbəbini də bunda görür. Siz bu barədə nə düşünürsünüz?

- Söylədiyim kimi, ölkəmizdə dərslik siyasətini Təhsil Nazirliyi, tələbə qəbulunu isə TQDK həyata keçirir. TQDK-nın dərslik yazmaq və çap etdirmək hüququ yoxdur. Şagird orta məktəbi təsdiq olunmuş dərsliklərlə oxuyur və bitirir. Tələbə Qəbulu üzrə Dövlət Komisisyası abituriyentlərin imtahanlara hazırlığı üçün vəsaitlər hazırlayır. TQDK-nın hazırladığı vəsaitlər dərsliklərin əsasında qısaldılmış şəkildə, daha lakonik və sadə dildə olmalıdır. Şagird bütün orta məktəbi təsdiq olumuş dərsliklərlə başa çatdırır. Kim əlavə material oxumaq istəyirsə, bu vəsaitlərdən istifadə edə bilər. Fikrimcə, həmin vəsaitlər dərsliklərə uyğun hazırlanmalıdır. Şagirdin orta məktəbdə keçmədiyi material vəsaitə daxil edilməməlidir. Amma dərslikdə olmayan materialın vəsaitə daxil edilməsinə dair çoxlu faktlar da var. Bundan şagirdlərimiz əziyyət çəkir. Burada şagirdin, abituriyentin nə günahı var? O, orta məktəbi dərlsik əsasında oxuyub, başa çatdırıb. Vəsaitdə isə dərslikdə olmayan məlumatlara rast gəlinir. Bu da onları çaşdırır. Bir ölkədə iki dərslik siyasəti necə ola bilər? Ona görə də hesab edirəm ki, bu anlaşılmazlığı aradan qaldırmaq üçün qurum rəhbərləri sıx əməkdaşlıq etməli, bir-birilərinə qarşı ittihamlar səsləndirməməlidirlər.

Məsələni şişirtmək lazım deyil. Dərsliklərdə gedən səhvlər "Abituriyent" jurnalında çap edilə bilər, müəlliflərə, Təhsil Nazilriyinə göndərilə bilər. Ən başlıcası isə abituriyentlərə problem yaranmaması üçün, dərsliklərdə rast gəlinən nöqsanlı və ya mübahisəli məsələlər üzrə test sualları hazırlanmaya bilər. Bu, çox sadə bir işdir. Bunun ətrafında hay-küy yaratmağa dəyərmi?


- Siz bu məsələdə hansı qurumu daha haqlı hesab edirsiniz və şagirdlərə nə kimi məsləhətləriniz olardı?

- Mən hakim deyiləm və intriqa olan yerdə yoxam. Ancaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin dərslik və təhsillə bağlı emosional şəkildə söylədiklərini üsulsuz hesab edirəm. Fikrimcə, yüksək vəzifəli dövlət məmurları belə davranmamalı, hərəkətləri ilə digərlərinə nümunə olmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə