Qulu Novruzov: “Təhsil haqlarının ödənilməsi prosesinin sadələşdirilməsi planlaşdırılır” - MÜNASİBƏT

Qulu Novruzov: “Təhsil haqlarının ödənilməsi prosesinin sadələşdirilməsi planlaşdırılır” - MÜNASİBƏT

Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən, xaricdə təhsil alan tələbələrin təhsil haqlarının keçirilməsi ilə bağlı heç bir problem yoxdur. Bu barədə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov bildirib.


Onun sözlərinə görə, bəzi kiçik ləngimələr olub, lakin heç bir ciddi problemdən söz gedə bilməz. Nazir müavini vurğulayıb ki, son zamanlar bəzi KİV-də bu məsələ ilə bağlı yayılmış məlumatlar həqiqətə uyğun deyil və bəzən xırda məqamlar haqsız yerə şişirdilir.


Q.Novruzov qeyd edib ki, təhsil haqlarının ödənilməsi prosesinin sadələşdirilməsi də planlaşdırılır: "Bu yaxınlarda Təhsil Nazirliyinin Kollegiyasının növbəti iclası olacaq, bu barədə müzakirə edib müvafiq qərar verəcəyik".


Azərbaycan alimlərinin əsərləri və ölkənin elm-təhsil sahəsindəki digər nailiyyətlərinə dünya elmi məlumat bazaları şəbəkəsində rast gəlmək mümkün olacağına da münasibət bildirən Qulu Novruzovun sözlərinə görə, artıq bu istiqamətdə "Tomson Reuters" Agentliyi ilə danışıqlar aparılır: "Bu agentlik dünyanın bir çox ölkəsinin elmi məlumat bazalarının yaradılmasında iştirak edib. Qazaxıstan, Rusiya və Türkiyə kimi ölkələr də bu bazalar şəbəkəsinə qoşulub. Bizim də bu şəbəkəyə qoşulmağımızla, müxtəlif mövzularda olan Azərbaycan alimlərinə aid əsərlərə istənilən ölkədən aparılan axtarış nəticəsində çıxış imkanı yaradılacaq".


Azərbaycanda artıq elmi məlumat bazasının formalaşdığını deyən Q.Novruzov qeyd edib ki, bu, alimlərin potensialının müasir tələblərə uyğun şəkildə istiqamətləndirilməsi və Azərbaycanın elm-təhsil sahəsindəki uğurlarının bütün dünyada tanınması və araşdırılması üçün mühüm rol oynayacaq: "Yaxın zamanlarda bu məsələ ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə