Bakı Dövlət Universiteti dünyanın aparıcı TOKYO BOEKI Ltd. şirkəti ilə memorandum imzaladı
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov TOKYO BOEKI Ltd. şirkətinin prezidenti Kadzuei Uçida ilə görüşüb. SİA-nın xəbərinə görə, rektor Abel Məhərrəmov elmi avadanlığın təmini və elmi konsaltinq sahəsində lider şirkət olan TOKYO BOEKI Ltd. ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın gələcəkdə səmərəli nəticələr verəcəyini qeyd edib.
Görüş zamanı Bakı Dövlət Universiteti ilə TOKYO BOEKI Ltd. şirkəti arasında "Əməkdaşlıq və əlaqələrin əsas prinsiplərinə" dair Memorandum imzalanıb. İmzalanma mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe iştirak edib. Tərəflər, universitetin innovasiyalı elmi-tədqiqat və təcrübə-konstruktor işlərini yerinə yetirmək üçün dəyərli təcrübə, fundamental bilik və resurslara malik olduğunu, TOKYO BOEKI Ltd. şirkətinin, öz növbəsində, elmi avadanlığın təmini və elmi konsaltinq sahəsində lider şirkət olduğunu nəzərə alaraq təhsil və elmin müxtəlif sahələrində, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu bildirdilər.
Memoranduma görə, tərəflər, ortaq fəaliyyət çərçivəsində, nanotexnologiyalar, tətbiqi fizika, elektronika, səthin fizikası, biologiya, mineral, süxur və filizlərin tərkiblərinin araşdırılması və başqa sahələrdə birgə layihələr yerinə yetirəcəklər. Memorandum, yüksək ixtisaslı Azərbaycan alimlərin hazırlanması, alim, tədqiqatçı və başqa mütəxəssislərin mübadiləsi, Yaponiyanın yeni texnologiyalarına dair BDU-nun əməkdaş və tələbələrinə seminarların təşkili, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə təqaüd, müsabiqə, tələbələrə dəstək və digər proqramların təşkili və reallaşdırılmasını da nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB