Azərbaycanda Müəllimlər Evi yaradılacaq?

Təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) İdarə Heyətinin üzvləri ilə görüşüb. SİA-nın xəbərinə görə, nazir Misir Mərdanov iclası giriş sözü ilə açaraq Azərbaycan Milli Valideyn-Müəllim Assosiyasının son illər təhsilin inkişafı və valideyn-müəllim münasibətlərinin səmərəli təşkilində gördüyü işləri qeyd edib.

Misir Mərdanov əsas məqsədi valideynlərlə müəllimlərin sıx əməkdaşlığının və faydalı ünsiyyət mühitinin yaradılmasından ibarət olan bu təşkilatın qeyd olunan istiqamətdə həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirib. Nazir bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, təhsilin keyfiyyətinin artırılmasında, müəllim və məktəbin nüfuzunun yüksəldilməsində Valideyn-Müəllim Assosiasiyasının (VMA) üzərinə mühüm vəzifələr düşür. Nazir bu qurumun gördüyü işlərə lazımi dəstək göstəriləcəyini vurğulayaraq bir sıra cari məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova cari ildə Bakı şəhəri üzrə 100-ə yaxın orta məktəb və məktəbəqədər tərbiyə müəssisəsinin məhz bu məsələ ilə bağlı müraciət etdiyini vurğulayıb. Valideynlərin mərkəzləşdirilmiş buraxılış imtahanlarında iştirakının səmərəli nəticələrindən söz açan T.Şərifova rəhbəri olduğu qurumun bir sıra layihələrdə iştirakı və keçirdikləri tədbirlər barədə məlumat verib.

Daha sonra icraçı direktor öz çıxışında VMA-nın filiallarının yaradılması, valideyn məsuliyyətinin artırılması üzrə mexanizmin hazırlanması, müəllimlərin ünsiyyət və təcrübə mübadiləsinin aparılması üçün Azərbaycanda Müəllimlər Evinin təşkili təşəbbüsü ilə çıxış edib, digər bu kimi məsələlərə toxunub. T.Şərifova həmçinin qarşılaşdıqları bəzi problem və çətinlikləri diqqətə çatdırıb.

Sonda Valideyn-Müəllim Assosiasiyasının mətbuat orqanının fəaliyyət göstərməsi, ictimaiyyətin mövcud istiqamətdə görülmüş işlərə dair məlumatlandırılması üçün təbliğat işinin və valideyn-müəllim-məktəb əməkdaşlığının gücləndirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə