Təhsil naziri “Tomson Reyters” Agentliyinin nümayəndəsi ilə görüşüb
Təhsil naziri Misir Mərdanov "Tomson Reyters" Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Devid Horki, satış üzrə meneceri Mətin Tunç ilə görüşüb. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov bu agentliklə əməkdaşlığın yaradılmasının Azərbaycanda elmin inkişafı və onun beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyəti olacağına inamını ifadə edib. M.Mərdanov mövcud istiqamətdə əlaqələrin yaradılması təklifini irəli sürərək bu işin müvafiq qurumlarla birgə aparılmasının məqsədəuyğunluğunu vurğulayıb.
Təmsil olunduğu agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən qonaq deyib ki, "Tomson Reyters" Agentliyinin məlumat bazasından dünyanın 100-dən artıq ölkəsində istifadə edilir. Devid Horki onu da əlavə edib ki, dünyanın nüfuzlu universitetlərinin reytinqinin müəyyənləşdirilməsində də məhz bu agentliyin məlumat bazasına istinad edilir. Qonaq bu bazada impakt faktoru olan elmi jurnalların, beynəlxalq konfranslar və patentlər barədə məlumatların yer aldığını diqqətə çatdırıb. Eyni zamanda Devid Horki birgə əməkdaşlığın yaradılması istiqamətində dəstək göstərməyə hazır olduqlarını bildirib.
"Tomson Reyters" Agentliyinin satış üzrə meneceri Mətin Tunç Türkiyə Respublikasında 2001-ci ildən başlayaraq bu sahədə müvafiq iş aparıldığını deyib və qeyd olunan agentliyin məlumat bazasından istifadənin əhəmiyyətini vurğulayıb. Azərbaycanda yüksək elmi potensialın olduğundan söz açan qonaq ölkədə elm və texnologiyanın inkişafına verilən önəmdən danışıb.
Sonra təhsil naziri Misir Mərdanov "Tomson Reyters" Agentliyinin məlumat bazasından istifadə edilməsi hüququnun əldə olunması üçün müvafiq layihə sənədinin hazırlanmasının və bir sıra qurumlarla birgə həmin layihəyə baxılmasının vacibliyini diqqətə çatdırıb. Görüşdə "Tomson Reyters" Agentliyinin məlumat bazasından gələcəkdə istifadə istiqaməti və imkanları barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB