Gəncə şəhərində 1000-ə yaxın təhsil işçisi işdən azad olunub

Yaş senzi ilə bağlı olaraq Gəncədə 450 nəfər müəllim işdən azad edilib. Yalnız 18 müəllimin müqavilə müddəti uzadılıb. SİA-nın xəbərinə görə, bunu Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyev deyib. O bildirib ki, şəhərdə 320 nəfər ibtidai sinif müəllimlərində problemlər mövcud idi. Bu problemlərin çətinliklə də olsa aradan qaldırıldığını deyən M.Əliyev vurğulayıb ki, 180 nəfər müəllim yerləşdirildikdən sonra qalanları işdən çıxarılıb. Ümumilikdə Gəncə şəhərində 1000-ə yaxın təhsil işçisi işdən azad olunub.

Mövcud problemlər barədə də məlumat verən rayon təhsil şöbəsinin müdiri qeyd edib ki, şəhərdə gənclərin çağırışaqədərki hazırlığı müəllimləri çatışmır. Onun sözlərinə görə, vəziyyət o yerə çatıb ki, yarım ildə şagirdləri qiymətləndirmək olmur: "Bundan əlavə, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin dərs yükü36 saatdan 30 saata endirilib. Lakin bunun tətbiq olunma mexanizmləri dəqiq olaraq bizlərə deyilməyib. Ona görə də tərbiyəçiləri 36 saat işlədir, amma 30 saatın əməkhaqqısını veririk. Bu da müəllimlərdə ciddi narazılıqlara səbəb olur".

Bütün xəbərlər Facebook səhifəmizdə