Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 11 ay ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində təkrar reydlər keçirib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, ümumilikdə respublika üzrə 118 aptekə baxış keçirilib, bunlardan 37 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 67 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 14 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb.
Bunlardan 31 aptekdə aparılan baxışlar nəzarət xarakterli olduğundan yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən aparılıb, digər apteklərdə isə pasportlaşma aparılıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 7 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib.
Həmçinin keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1210 seriya (6040 qutu), istifadə müddəti bitmiş 14 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.
Mərkəzin Analitik Ekspertiza şöbəsi tərəfindən respublikaya idxal olunan 24264 seriya dərman preparatlarının nümunələrinin laborator yoxlamaları aparılıb. Səhiyyə Nazirliyinin qaynar xətt telefonu vasitəsilə mərkəzə 93 sayda müraciət daxil olub. Bunlardan apteklərdən alınan dərman vasitələrinin seriyalarının yoxlanması məqsədilə olunan müraciətlər çoxluq təşkil edib, şikayətlərlə bağlı müvafiq tədbirlər görülüb.
Keçən müddət ərzində 762 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının Dövlət Reyestrinə salınmışdır. Hal-hazırda Azərbaycan Respublikasının Dövlət Reyestrində 3652 adda dərman vasitəsi vardır ki, bunların da ölkə ərazisinə idxalına və istifadəsinə icazə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB