Göygöl rayon Təhsil Şöbəsinin sabiq müdiri barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət ediləcək
"Azərbaycan təhsilində məktəbə və müəllimə yaraşmayan hallar indi də mövcuddur" SİA-nın verdiyi xəbərə görə, bu sözləri Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir Misir Mərdanov söyləyib. Nazirin sözlərinə görə, müəllimə yaraşmayan hərəkətlərlə, dələduzluqla məşğul olduğuna görə Göygöl rayon Təhsil Şöbəsinin sabiq müdiri Altay İsmayılov barəsində Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət ediləcək.
Həmçinin Misir Mərdanov qeyd edib ki, həmin şəxs təhsil şöbəsinin müdiri olarkən təhsil işçisinə yaraşmayan hərəkətlərlə məşğul olduğuna görə onun barəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət daxil olub və həmin şəxs işdən azad edilib: "Lakin məktəb direktorlarının təyinatını biz həyata keçirmədiyimizdən, daha sonra məlumat almışam ki, o, həmin rayonda orta məktəb direktoru işləyir".
Nazirin sözlərinə görə, Laçın Rayon Təhsil Şöbəsinin məsləhətçisi Aqil Cabbarov da rüşvət aldığı yerdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Hazırda onunla bağlı hüquq-mühafizə orqanları tərəfindən lazımi tədqiqatlar aparılır.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB