Səfirliyin təhsil müşaviri: “Neft bir gün bitər, amma insan qaynağının güclü olması lazımdır”-MÜSAHİBƏ

Səfirliyin təhsil müşaviri: “Neft bir gün bitər, amma insan qaynağının güclü olması lazımdır”-MÜSAHİBƏ

Bu gün inkişaf edən Azərbaycan təhsili bir sıra ölkələrlə sıx əməkdaşlıq edir. Azərbaycanın bütün sahələrdə olduğu kimi, təhsildə də ən böyük tərəfdaşı və əməkdaşı qonşu Türkiyədir. Azərbaycan təhsilinin bugünkü inkiaşfı və mövcud problemləri ilə bağlı fikirlərini öyrənmək üçün qardaş ölkənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu ilə söhbətləşdik.


- Halis bəy, bugünki Azərbaycan təhsilinin inkişafını necə görürsünüz?

- Bu gün Azərbaycan təhsil sistemində çox ciddi irəliləyişlər var. Mənim bura ilk gəlişim 2008-ci ildə idi. O zaman diqqətimi iki şey çəkmişdi. Bunlardan biri burada peşə məktəblərinin zəifliyi idi. Digəri isə 11 illik təhsil sistemində aşağı siniflərlə yuxarı sinif şagirdlərinin bir arada olması idi ki, bu barədə də öz fikirlərimiz bölüşdük. Hazırda bu məsələ ilə bağlı Təhsil Nazirliyinin ciddi işləri davam edir. Peşə məktəblərindəki zəiflik isə artıq demək olar ki, aradan qalxıb. Peşə məktəbləri ilə bağlı biz 2009-cu ildə Türkiyədən bir qrup mütəxəsis gətirmişdik. Onlar da Təhsil Nazirliyi çox yaxşı qarşılandılar. Nazir Misir Mərdanov qonaqları çox yaxşı qarşıladı, bəzi iclaslar, tədbirlər keçirildi.


- Sizi Azərbaycan təhsilində narahat edən məsələlər nədən ibarətdir?

- Azərbaycan çox gözəl ölkədir. Mən deyərdim ki, bura bir cənnətdir. Hətta mən Bakıya gələndə dedim ki, bura röyalar şəhəridir. Paytaxtdan əlavə Azərbaycanın bölgələri də çox maraqlıdır. Buranın bacası turizm qoxusu verir. Rayonları turizmə çox uyğundur. Sadəcə bu sahəyə biraz daha diqqət ayırmaq lazımdır. Biz 2009-da Gəncəyə getmişdik və gözəl bir oteldə isitirahət etməya çalışdıq. Təssüf ki, otelin işçiləri işi bilmədiklərindən bizi razı sala bilmədi. Bir neçə dəfə bizi yerimizdən qaldırdı. Onun bu hərəkəti ilə Gəncəyə, təhsilə, Azərbaycan yazıq olur. İlk öncə otelə gələnlərin kim olduğunu bilib ona uyğun hərəkət edilməlidir. Turizm sahəsində hizmət sektoru çox önəmlidir. Türk turizminin inkişafında hizmət sektoru çox önəmlidir. Bu istiqamətdə Azərbaycanda da bəlli işlərin görülməsi lazım və müəyyən işlər görülür.


- İki ölkənin ali məktəbləri arasındakı əməkdaşlıq əlaqələrini qənaətbəxş hesab etmək olarmı? Gələcək illər üçün hər iki ölkənin təhsil sistemində hansı ortaqlıqların olmasını istərdiniz?

- 2008-ci ildən bu günə kimi bu sahədə də çox ciddi irəliləyişlər var. Universitetlərdə Boloniya sisteminə keçildiyi üçün dünya universitetləri ilə əməkdaşlıq, tərəfdaşlıq əlaqələri yarandı. Türkiyə universitetləri ilə ciddi işlər görüldü, əlaqələr quruldu. Azərbayan və Türkiyə həqiqətən bir-birinə iki qardaş ölkədirsə, onalrın ibtidai sinif, məktəb, lisey və ali məktəbdə proqramlarının, dərslərinin eyni olması lazımdır. Eyni coğrafiyanın, tarixin, ədəbiyyatı, dili niyə fərqli olsun? Beləcə, bir-birimizə yaxınlaşmağımız və başa düşməyimiz daha yaxşı və rahat olacaq. Əslində, yaxınıq sadəcə düzgün başa düşə bilmirik. Eyni tarix, coğrafiya, ədəbiyyat, dil kitabını oxumadığımız üçün bir-birimiz tam tənəffüs edə bilmirik. O nöqtələrdə də çalışmalar var və bunların davam etdirilməsi lazımdır. Təbii ki, təhsil sahəsindəki irəliləyişlərdən biz də xoşbəxt oluruq. Üzərimizə düşən işləri yerinə yetirməyə çalışırıq. Türkiyədən gələn övladlarımızdan çox, Azərbaycanda Türkiyəyə gedən tələbələrlə maraqlanırıq. Çünki hamısının çox sualı, problemi, Türkiyəyə getməklə bağlı çox sıxıntıları var. Onların hər biri ilə maraqlanırıq. Keçən il 2500-ə yaxın tələbəni təhsil üçün Türkiyəyə göndərdik, əlaqələr bununla güclənir.


- Sonda təhsilin gələcək inkişafı ilə bağlı təklifləriniz və fikirləriniz…

- Hər şeyin yolu təhsildən keçir. Əgər bir coğrafiyada, ölkədə birgə, bərabər olaraq dünyada barışın, sülhün təmin edilməsində bizim də rolumuz olacaqsa, bunun hamısı təhsildən keçir. Neft bir gün bitər, amma insan qaynağının güclü olması lazımdır. Onun tək yolu təhsildir. Müəllimlik məsələsi isə burada önəmlidir. Düşünürəm ki, gələcəyimiz çox parlaqdır. 4 ildir ki, universitetlərdə Türkiyə universitetləri ilə ortaq proqramlar aparılır, tədbirlər görülür. Demək ki, gələcəkdə birgə əməkdaşlıq ölkələrin təhsil sisteminə də öz müsbət nəticələrini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə