Məktəblilər və muzeylər - REPORTAJ - ARAŞDIRMA

Məktəblilər və muzeylər - REPORTAJ - ARAŞDIRMA

Bu gün ölkədə uşaqlar muzeylərə və ya teatrlar çox nadir hallarda gedirlər. Bu da onların Azərbaycan tarixi barədə məlumatsız olmalarına gətirib çıxarır. Bütün bunları nəzərə alan Səbail rayon İcra Hakimiyyəti uşaqların dövlət muzeylərinə və teatrlarına pulsuz ekskursiyalarını təşkil edib.

Etiraf etmək lazımdır ki, bu gün insanların mədəniyyət ocaqlarına marağı orta səviyyədədir. Belə ki, bəzi insanlar zövq aldıqları və öyrəndikləri üçün mədəniyyət ocaqlarına üz tutur, bəziləri isə qeyri-ixtiyari, yoldan ötərkən afişa və elanları görərək bura yönəlir. Uşaqların isə düşüncələrini valideynləri və müəllimləri formalaşdırır. Əgər onlar uşaq yaşlarından muzeylərə gedərlərsə, onlarda vətənə bağlılıq, ümumi mənafe hisləri daha güclü olar. Bütün bunları nəzərə alan Səbail rayon İcra Hakimiyyəti turizm ili çərçivəsində müxtəlif tədbirlər təşkil edir.

İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Pərvanə Kazımzadə deyir ki, ilin yekununda Səbail rayon ərazisində yaşayan aztəminatlı, veteran, şəhid ailələrinin övladlarını və rayonun orta məktəblərində təhsil alan 300-dən artıq şagirdin rayonda fəaliyyət göstərən muzeylərə ödənişsiz ekskursiyaları təşkil olunur: "Bu həftə ərzində Bakının mərkəzində yeləşən Muzey Mərkəzində Azərbaycan Dövlət İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Xalça Muzeyi şagirdlərin ödənişsiz ekskursiyaları təşkil olunub. Növbəti həftələrdə isə incəsənət, tarix, ədəbiyyat və digər muzeylərə belə ekskursiyalardavam edəcək. Bunların ümumilikdə 15-20 gün ərzində həyata keçirməyi planlaşdırırıq".

Müəllimlər isə öz növbələrində muzeylərə belə ekskursiyaların təşkil olunmasını yüksək qiymətləndiriblər. Onların fikrincə, buradan uşaqlar müəyyən yeniliklər əldə edir və müxtəlif sahələr üzrə geniş məlumatlar alır

190 saylı məktəbin tərbiyə işləri üzrə direktor müavini Muradova Zulfiyyə bildirib ki, keçmişdə belə ekskursiyalar daha çox və tez-tez təşkil olunardı: "İndiki zamanda isə valideynlərin işə başları qarışdığı üçün onlar uşaqları belə yerlərə aparmır. Ona görə də bu məsələdə əsas məsuliyyət məktəblərin və müəllimlərin üzərinə düşür. Müəllimlər də asudə vaxtlarında bacardıqları qədər aparır. Belə ekskursiyalarda olmaqla uşaqlarla yanaşı biz müəllimlər də bilmədiklərimizi öyrənirik. Bugünki ekskursiyalar üçün də Ssəbail rayon icra hakimiyyıtinə təşəkkür edirik".

91 saylı məktəbin müəlliməsi Abuhəyat Hacıyeva isə qeyd edib ki, belə sərgilərin, ekskursiyaların təşkil olunması, muzeylərlə əlaqə saxlanılması çox önəmlidir: "Mən istərdim ki, hətta ədəbiyyat, tarix və digər dərslər bu kimi muzeylərdə keçirilsin. Bu da uşaqların yaddaşında çox gözəl qala bilər. uşaqlar arasında muzeylərə teatrlar maraq yaratmaq lazımdır. Bunun üçün validyenləri də razı salmaq gərəkir. Muzeylərə gedən zaman uşaqların yaddaşında çox gözəl xatirələr qalır və onlar tarix, mədəniyyət, ədəbiyyat haqqında daha çox biliklər əldə edirlər".

Belə muzeydə ilk dəfə olan şagirdlərin təəssüratları ilə tamam fərqli idi. Onlar muzeydə olan tarixi əşyalara diqqətlə baxır, məlumatlara qulaq asır və maraqlandıran sualları ünvanlayırdılar. Hər halda onlar üçün bilmədiklərini öyrənmək daha maraqlı idi.

Şagird Rzayev Əhməd Xalça Muzeyində ilk dəfə olduğunu deyib: "Bu ekskursiyada bir sıra yenilikləri, azərbaycan xalçalarının belə zəngin olduğunu bilmirdim. Xalçalarımız da çox güzəldir, maraqlı naxışları var. Xalçaların şaquli vəziyyətdə, əjdaha formasında olması ilə tanış olduq".

Ismayılov Elmin də qədim tarixli, müxtəlif naxışlı xalçalarımızla birinci dəfə tanış olduğunu söyləyib: "Azərbaycanın bütün bölgələrinə aid müxtəlif naxışlı xalçaların olduğunu gördük. Belə muzeylərə gəlməklə həm yeniliklər əldə ediirk, həm də dərslərimizdə yardımçı, dünyagörüşümüzü artmasına səbəb olur".

Fidan Əlizadə isə teatr muzeyində bir çox məlumatlar əldə etdiyini deyib: "Xalça muzeyində də Azərbaycanın qədim və tarixi xalçaları ilə bağlı məlumatlar əldə etmişəm. Xalçaları tikmək üçün hansı rənglərdən istifadə olunduğunu, necə hazırlandığını öyrənmişəm. Burada bir çox aktyorların həyatları haqqında, onların yunları necə təmizlədikləri, xalçaları necə toxumaları barədə ətrafdlı məlumat aldıq".

Hər halda uşaqların tarixi yerlərə gedərək daha ətraflı məlumat almaları çox gərəklidir. Muzeylərdə isə qiymətlər çox da bahalı deyil. Belə ki, qiymətlər 20 qəpik-10 manat arasında dəyişir. Gəlin uşaqlarımızın tariximizin haqqında daha çox biliklər əldə etməsindən məhrum etməyək.

Bütün xəbərlər Facebook səhifəmizdə