Azərbaycanda insan orqanlarının transplantasiyasına icazə verilən xəstəxanaların adları açıqlandı - SİYAHI

Azərbaycanda insan orqanlarının transplantasiyasına icazə verilən xəstəxanaların adları açıqlandı - SİYAHI
Nazirlər Kabineti "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası Qaydaları və Şərtləri"ni, eləcə də, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı" təsdiq edib.
Hökumətin rəsmi saytına istinadən verilən məlumata görə, qərarda bildirilir ki, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsinə yol verilir.

Donordan orqan və (və ya) toxumaların götürülməsi hərtərəfli tibbi müayinədən keçdikdən sonra həkim-mütəxəssislərin konsiliumunun rəyinə əsasən, onun sağlamlığına əhəmiyyətli dərəcədə zərər vermədiyi təqdirdə mümkündür.

Orqan və (və ya) toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı ola biləcək ağırlaşmaların mahiyyəti izah edilərək, bu barədə onlara surəti təqdim olunmaqla, qabaqcadan rəsmi bildiriş verilir.

Resipiyent 18 yaşına çatmamışdırsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir.

Resipiyentin həyatı təhlükədə olarsa və onun özünün, valideynlərinin və ya qanuni nümayəndəsinin razılığını almaq mümkün olmadıqda, transplantasiya bu cür razılıqlar olmadan həyata keçirilir.

Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilir.

Orqan və (və ya) toxumanın transplantasiyasına zərurət yarandığı təqdirdə, resipiyent xəstəlik tarixindən çıxarış (epikriz) və digər tibbi sənədlərlə birlikdə müalicə olunduğu müəssisə tərəfindən transplantasiya aparılan ixtisaslaşdırılmış tibb müəssisəsinə tibbi baxışa göndərilməlidir.

Transplantasiyanın zəruriliyi barədə tibbi qərar transplantasiya aparılan tibb müəssisəsində müvafiq qaydada təşkil edilmiş komissiya tərəfindən qəbul olunaraq, müəssisənin rəhbəri tərəfindən təsdiq edilir.

Resipiyentin və donorun transplantasiya əməliyyatı üçün hospitalizasiya edilməsi müvafiq qaydada təşkil edilmiş komissiyanın rəyi əsasında həyata keçirilir.

Transplantasiya əməliyyatı aparılacaq resipiyentlər müalicə həkiminin nəzarətində olmaqla, müvafiq qeydiyyata alınırlar.

Qeydiyyata götürülən resipiyentlərə transplantasiya əməliyyatının aparılmasının ardıcıllığı orqan və (və ya) toxumaların genetik uyarlığına əsasən həyata keçirilir.

Transplantasiya gözləyən resipiyentdə əsas və yanaşı gedən xəstəliklərlə bağlı yaranmış və əməliyyatın nəticəsinə təsir edə biləcək fəsadları korreksiya və müalicə etmək üçün o, tibb müəssisəsinə hospitalizasiya edilir.

Orqan və (və ya) toxuma köçürülmüş resipiyentlərin və donorların dispanser müşahidəsi tibb müəssisəsində ildə bir dəfədən az olmamaqla klinik, laborator və instrumental müayinələrdən ibarət olmalıdır.

Transplantasiya işinin təşkili zamanı aşağıdakılar qadağandır:

- 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla);

- resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi;

- resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və (və ya) toxumaların götürülməsi;

- insan orqan və (və ya) toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi;

- donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları;

- ölüm vəziyyətində olan potensial donorun müalicəsində və donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı.


İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələri bunlardır:


Müəssisənin adı Transplantasiyanın növü
-----------------------------------------------------------------------------------------------------------------------

M.M.Cavadzadə adına Respublika

Klinik Uroloji Xəstəxanası böyrəklər

----------------------------------------------------------------------------------------------------------------------

Mərkəzi Gömrük Hospitalı qaraciyər, mədəaltı vəzi

və onun seqmentləri,

böyrəklər, gözün buynuz qişası
-----------------------------------------------------------------------------------------------------------------------

Akademik Zərifə Əliyeva adına Elmi

Tədqiqat Oftalmologiya Mərkəzi gözün buynuz qişası

-----------------------------------------------------------------------------------------------------------------------

Mərkəzi Neftçilər Xəstəxanası qaraciyər, böyrəklər, mədəaltı

vəzi və onların seqmentləri,

mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün

buynuz qişası

Bütün xəbərlər Facebook səhifəmizdə