Ukraynada yaşayan və təhsil alan gənclərin II forumu keçiriləcək

Ukraynada yaşayan və təhsil alan gənclərin II forumu keçiriləcək

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) fəallarının toplantısında qurumun bir illik inkişaf proqramı təsdiqlənib. Təşkilatdan SİA-ya verilən məlumata görə, fəaliyyət proqramına əsasən, UAGB bir il müddətində Ukraynanın vilayət və şəhərlərində yaşayan və təhsil alan azərbaycanlı gəncləri vahid bir mərkəz ətrafında birləşdirməklə xalqımızın qədim adət və ənənələrinin, zəngin tarixinin, o cümlədən Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarını səfərbər etməklə silsilə tədbirlər keçirməyi planlaşdırıb.

Bütün bunları həyata keçirmək üçün UAGB-nin İdarə Heyətinin iclasında bu il dekabrın 1-2-də Kiyev şəhərində Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin II forumunun keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Ukrayna Evində keçiriləcək forumda bu ölkənin 26 vilayət və şəhərindən, o cümlədən Azərbaycan və bir sıra Avropa ölkələrindən 500-dən çox nümayəndə iştirak edəcək.

Dövlət Neft Şirkətinin və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçiriləcək forumda Qarabağ həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklər, Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai siyasi həyatına, o cümlədən dövlət və hökumət strukturlarına inteqrasiya olunması və digər həlli vacib olan məsələlər əsas müzakirə obyekti olacaq.

Forumda iştirak etmək istəyən gənclər 5-20 noyabr tarixlərində uayu.org saytında UAGB-nin II forumu bölməsində ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə