Əhalinin demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və təhlili üçün zəruri məlumatların toplanılması məqsədi ilə həyata keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu artıq başa çatıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidovanın SİA-ya verdiyi xəbərə görə, sorğunun əhatə etdiyi iqtisadi regionlara Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ, Dağlıq Şirvan daxildir. Ümumilikdə isə bu sorğu 9 iqtisadi region üzrə 68 rayonda aparılıb. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib və son seçməyə 7704 ev təsərrüfatı düşüb.
Sorğu respublika üzrə müəyyən olunan 10 marşrut üzrə aparılıb. Hər bir marşrut üzrə komandalar əvvəlcədən müəyyən olunmuş rayon, kənd, klaster və ev təsərrüfatları haqqında məlumatla təmin olunublar. Həmçinin üzərində DSS-2011 və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin loqosu əks olunmuş uniforma, əhalinin maarifləndirilməsi məqsədilə DSS-2011 və Anemiya haqqında bukletlər və qanazlığı olan respondentlər üçün xüsusi bildiriş formaları ilə təmin olunublar. Eləcə də sorğunun keçirilməsi üçün əldə edilmiş avadanlıqla təmin ediliblər. Sorğunu aparan hər bir qrup avtomobil və sürücü ilə təmin olunub. Sorğuya başlamazdan əvvəl hər bir qrup hər klaster üzrə İcra Hakimiyyəti tərəfindən əvvəlcədən təyin edilmiş məsul icraçı ilə əlaqələndirilib.
Bununla bağlı, sorğunun həyata keçirilməsində yerli İcra Hakimiyyəti orqanlarının rolunu xüsusi vurğulamaq lazımdır. Sahə işlərinə başlamazdan əvvəl İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən müvafiq regionlar üzrə İcra Hakimiyyətlərinə və Mərkəzi Rayon Xəstəxanalarına rəsmi məktublarla müraciət olunub. Bu qurumlar isə öz növbəsində hər bir kənd və ya klaster üzrə məsul icraçı təyin edib. Sorğunun keçirilməsi zamanı ehtiyac olduqda əlavə avtomobillə də təmin ediliblər. Bakıda sahə işlərinin aparılmasında müəyyən çətinlikləri aradan qaldırmaq üçün əlavə tədbirlər də həyata keçirilib.
Sorğunun səyyar işləri avqustun 1-dən oktyabrın 24-nə kimi aparılıb. Sorğudan əldə olunan məlumatları hazırlanmış xüsusi elektron proqrama daxil etmək üçün sentyabrda İSİM-də DSS üzrə kompüter operatorlarına təlim keçirilib. İştirakçı kimi, operator qismində sorğuda iştirak etmək arzusunda olan şəxslər müsahibə yolu ilə seçilib. Kompüter operatorları təlimdən sonra məlumatları elektron bazaya daxil etməyə başlayıblar. Daxil edilmiş məlumatların təhlükəsizliyinə nəzarət olunub. Sorğu vərəqələrindəki məlumatları dəqiqləşdirmək üçün Mərkəzdə redaktorlar da fəaliyyət göstərib.
Statistik təhlilin nəticələri və son hesabat 2012-ci ilin sonuna kimi təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB