Misir Mərdanov: “Azərbaycan Həştərxandakı Heydər Əliyev adına orta məktəbin şagirdləri və müəllimləri üçün təqaüd ayıracaq”

Misir Mərdanov: “Azərbaycan Həştərxandakı Heydər Əliyev adına orta məktəbin şagirdləri və müəllimləri üçün təqaüd ayıracaq”

Həştərxanda Heydər Əliyev adına orta məktəbin açılışı olub. SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, Heydər Əliyev adına orta məktəbin əsaslı təmirdən sonra açılışını Həştərxanda yaşayan azərbaycanlılar üçün tarixi hadisə kimi səciyyələndirən təhsil naziri M.Mərdanov bildirib ki, bu, böyük dövlət xadiminin xatirəsinə dərin hörmətin göstəricisidir. "Hər birimiz fəxr edirik ki, xalqımızın böyük oğlu Heydər Əliyevin adı yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da böyük hörmətlə çəkilir. Əlamətdar haldır ki, bu məktəbin əsaslı təmiri Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilmişdir", - deyə nazir qeyd edib.

Təhsil naziri bildirib ki, burada Həştərxanda yaşayan və Azərbaycan tarixini, mədəniyyətini öyrənmək istəyən azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi təşkil olunacaqdır. "Azərbaycanın Təhsil Nazirliyi bu məktəblə daim sıx əlaqə saxlayacaq və əməkdaşlıq edəcəkdir. Bu məktəb Bakının Nərimanov rayonundakı ümumtəhsil ocaqlarından biri ilə qardaşlaşacaqdır", - deyən nazir iki məktəb arasında şagird və müəllimlərin qarşılıqlı səfərlərinin təşkil olunacağını da söyləyib.

M.Mərdanov onu da qeyd edib ki, Azərbaycan hər il bu məktəbin 10 ən yaxşı şagirdi üçün təqaüd müəyyən edəcəkdir. "Təhsildə uğurları çox olan şagirdlərə ayda 15 min rubl, beş ən yaxşı müəllimə isə ayda 30 min rubl təqaüd ayrılacaqdır. Bunda məqsəd tədris prosesini stimulladırmaqdır".

Nazir, həmçinin əlavə edib ki, hər il yay tətilində qardaşlaşmış məktəblər arasında istirahət üçün şagird və müəllim mübadiləsi nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə