ADU-da “BMT sizin üçün çalışır” kampaniyası çərçivəsində təqdimat keçirilib

ADU-da “BMT sizin üçün çalışır” kampaniyası çərçivəsində təqdimat keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) BMT İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Akademik Impuls Proqramı və "BMT sizin üçün çalışır" (UN4U) kampaniyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının yaranmasının 66-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. ADU tələbələrinin iştirak etdikləri təqdimatda Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. BMT İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin rəhbəri Envera Selimoviç isə kampaniya barədə tələbələrə məlumat verib. Bu il BMT-nin 66-cı ildönümünün qeyd edildiyini bildirən E. Selimoviç bununla bağlı bir sır tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra "BMT sizin dünyanızdır" adlı film nümayiş olunub. BMT sistemi, təşkilatın fəaliyyəti, dünyada və Azərbaycanda həyata keçirdiyi işlər barəsində isə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin mütəxəssisi Vəfa Səfərli bəhs edib. O, beynəlxalq təşkilata daxil olan agentliklər barəsində də tələbələri məlumatlandırdı. İnformasiya mütəxəssisi bildirib ki, beynəlxalq təşkilatın tərkibində 17 agentlik fəaliyyət göstərir.

BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin təhsil şöbəsinin müdiri Kənan Məmmədli isə "Uşaq hüquqlarının ön plana çəkilməsi" adlı təqdimatında uşaq fondunun əsas prioritet istiqamətlərindən söz açıb. 12 min işçi heyətinə malik olan Uşaq Fondunun dünyadakı fəaliyətinə toxunan K. Məmmədli təşkilatın həssas qruplara daxil olan uşaqların müdafiəsinə üstünlük verdiyini vurğulayıb. O, dünya və Azərbaycanla bağlı olan statistik rəqəmləri də iştirakçıların diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə