Misir Mərdanov: \"Hər gün yeni saxta diplomlu müəllimlər aşkarlanır\"

Misir Mərdanov: \"Hər gün yeni saxta diplomlu müəllimlər aşkarlanır\"

"Azərbaycanın heç bir təhsil müəssisəsində saxta diplomla heç kəs işləyə bilməz. Təəssüf ki, bu gün belə hallar mövcuddur və bununla mübarizəni davam etdirəcəyik". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, dəqiq rəqəm göstərmək çətindir. Nazirin sözlərinə görə, hər gün yeni saxta diplomlu müəllimlər aşkarlanır: "İndidən bununla bağlı rəqəm demək mümkün deyil. Mən indi bu rəqəmi açıqlamaqda çətinlik çəkirəm. Regionlarla paytaxt məktəblərini müqayisə etdikdə eyni sayda hallar müşahidə edilir".

Misir Mərdanov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşının işdən çıxarılmasına da münasibət bildirib. O bildirib ki, nazirliyin tabeliyində olan məktəblərin tikintisi və əsaslı təmiri zamanı yol verilən nöqsanların araşdırılması ilə bağlı yoxlamalar artıq başa çatıb.

"Bununla bağlı bizə təqdimat verildi. Biz də bununla bağlı müvafiq qərar qəbul etdik və qərarımız barədə həm ictimaiyyəti, həm də Respublika Prokurorluğunu məlumatlandırdıq", - deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə