Təhsil Nazirliyində ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası haqqında məlumat verərək bildirib ki, Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən təşkil olunmuş olimpiadanın yekun mərhələsi cari il mayın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında keçirilib. Nazirin verdiyi məlumata görə, 12 fənni (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri) əhatə edən olimpiadanın I turu 28-i dövlət, 8-i isə qeyri-dövlət olmaqla 36 ali məktəbdə keçirilib və bu turda iştirak edən 1500-dən artıq tələbənin 684-ü final turuna vəsiqə qazanıb. Nazir, həmçinin 595 tələbənin müxtəlif fənlər üzrə olimpiadanın respublika turuna qatıldığını nəzərə çatdırıb.
Təhsil naziri bildirib ki, olimpiadada tələbələr tərəfindən ən böyük maraq Azərbaycan və ingilis dili fənlərinə göstərilib. İştirakçılardan 104-ü (15,2 faiz) Azərbaycan dili fənni üzrə, 103-ü isə (15 faiz) ingilis dili fənni üzrə yarışa qoşulduğunu qeyd edən nazir münsiflər heyətinin qərarına əsasən 12 nəfərin I, 23 nəfərin II, 36 nəfərin III, 43 tələbənin isə həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. Qaliblərin ali məktəblər üzrə statistikasını açıqlayan Misir Mərdanov müxtəlif fənlərdən I yerə layiq görülənlərin Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Bakı Slavyan Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrindən ibarət olduğunu vurğulayıb. Misir Mərdanov olimpiada qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomları və pul mükafatlarının verildiyini, I yeri tutan tələbələrə 300, II yerə layiq görülənlərə 150, III yerin sahiblərinə isə 100 manat təqdim olunacağını nəzərə çatdırıb. Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov olimpiada qaliblərinə öz təbriklərini çatdırıb, dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğıdan, gənclər üçün yaradılmış əlverişli şəraitdən söz açıblar.
Sonra qaliblərə diplomlar və pul mükafatları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB