“Azərbaycanın təhsil tarixi” kitabı işıq üzü gördü

“Azərbaycanın təhsil tarixi” kitabı işıq üzü gördü

Bugünlərdə tanınmış ziyalı, ictimai xadim, professor Misir Mərdanovun "Azərbaycanın təhsil tarixi" çoxcildliyi işıq üzü görüb. SİA-nın xəbərinə görə, "Təhsil" nəşriyyatı tərəfindən çap olunan çoxcildlik Azərbaycan təhsilinin çətin və şərəfli inkişaf yolu haqqında səlnamədir. Azərbaycan təhsilinin tarixi ilk dəfədir ki, bu cür əhatəli və sistemli şəkildə oxuculara təqdim olunan kitabı görkəmli maarif fədailərinin, mütəfəkkirlərin və pedaqoqların həyatı, onların xalqın maariflənməsi yolunda, qeyri-bərabər ümbarizədə göstərdikləri dözüm, cəsarət haqqında qısa oçerklər daha maraqlı və oxunaqlı edir. Bu baxımdan çoxcildliyi həm də təhsil tarixinin publisistik dillə qələmə alınan ensiklopediyası adlandırmaq olar.

Çoxcildliyin birinci cildi təhsilin ən qədim dövrlərindən 1920-ci ilin aprel işğalına qədərki tarixi əhatə edir. Bu böyük zaman ərzində təhsilin keçdiyi bütün mərhələlər – qədim məktəblərin, mədrəsələrin, dünyəvi təhsil ocaqlarının yaranması, ilk dərslik nümunələrinin meydana gəlməsi və ümumilikdə Azərbaycan xalqının mənəvi mədəniyyət tarixində təhsilin yeri bu cilddə olduqca dolğun işıqlandırılıb. Elmi redaktoru pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov olduğu kitab tədqiqatçılar, müəllimlər, tələbələr və geniş pedaqoji ictimaiyyət üçün nəzərdə tutulub. Kitabın ön söz müəllifi də təhsil naziri Misir Mərdanovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə