BDU-nun rektoru: “Elm və təhsil sahələri bir nazirlik adı altında birləşməlidir”
"Ali təhsil müəssisələrində elm daha sürətlə inkişaf etdiyindən elm sahəsinin də Təhsil Nazirliyinin kurasiyasına verilməsi məsələsi ortaya çıxır" . Bunu SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. Rektorun sözlərinə görə, Azərbaycanda 1800 elmlər doktoru və professor var: "Bunların 1200-dən çoxu ali təhsil müəssisələrində, 500 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasında, qalan hissəsi isə hökumət qurumlarında çalışır. Təhsil sisteminə nəzarət edən hökumət qurumunun Elm və Təhsil Nazirliyi adlandırılması və bu istiqamət üzrə fəaliyyət göstərməsi dünya təcrübəsində də mövcuddur. Bir misal çəkəcəyəm və bundan sonra haqlı olduğum aydınlaşacaq. Azərbaycanda alimlərin 1200 nəfəri təhsil sistemində çalışırsa, niyə elm sahəsi ilə təhsil sistemi birləşməməlidir? Əlbəttə, bunların hamısı bir yerdə olmalıdır. 1200 nəfərin böyük potensial olduğunu nəzərə almalıyıq. Bunu kənara qoyub elmi məsələləri Milli Elmlər Akademiyasının üzərinə atmaq olmaz. Əlbəttə, elmi istiqamətdə fəaliyyət akademiyanın bilavasitə vəzifəsidir və bu istiqamətdə də uğurlu işlər aparır. Ancaq 1200 nəfəri kənara qoymaq da mümkün deyil. Yəni alimlərin üçdə ikisi ali təhsil müəssisələrindədir. Buna görə də bu məsələyə baxılmalıdır".
A. Məhərrəmovun fikrincə, ali təhsil müəssisələrində elm daha sürətlə inkişaf edə bilər: "Çünki hər müəllimə 12-15 tələbə düşür. Hər müəllim tələbə ilə yaxşı ünsiyyətdə olsa, bu gənclərin imkanlarından elm sahəsində istifadə edə bilər. Ona görə də dünyada universitetlər həm də elmi mərkəz kimi fəaliyyət göstərirlər. Bu, çox vacib məsələdir".
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB