Sabah 5-ci Yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başlayacaq

Sabah 5-ci Yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başlayacaq

Sabah paytaxtda "Education and Career" 5-ci yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başlayacaq. SİA-nın xəbərinə görə, bununla əlaqədar olaraq təşkil olunan mətbuat konfransında İTECA Caspian Şirkətinin direkrtor müavini Bəhruz Hidayətzadə bildirib ki, ənənəvi olaraq, bu sərgi Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir: "Bu il "Təhsil və Karyera" sərgisi dünyanın on beş ölkəsindən 103 təhsil müəssisəsi və təşkilatını bir yerə toplayıb. Sərginin ekspozisiyasına 75-dən çox ödənişli və ödənişsiz fakültələr, ən müxtəlif ixtisaslar üzrə kurs və proqramlar daxildir. Azərbaycandan olan iştirakçıların sayı eksponentlərin ümumi sayının təxminən 30%-ni təşkil edir. Yerli təhsil müəssisələri isə Azərbaycan İqtisad Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Bakı Biznes Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Turizm İnstitutu və s. bu kimi ali təhsil müəssisələri, habelə xaricdə təhsilin təşkili sahəsində fəaliyyət göstərən agentliklər tərəfindən təmsil olunurlar. Bu il keçirilən sərginin fərqi "Karyera" sektoru olacaq. Belə ki, "Karyera" sektorunun iştirakçıları Azərbaycan ərazisində fəaliyyət göstərən və öz şəbəkələrində işləyəcək ixtisaslı işçiləri sərgidə seçərək işə götürməyi planlaşdıran dünya şöhrətli otel və mehmanxanalardır".

Təhsil nazirinin müavini Qulu Novruzov isə bu sərginin populyarlaşaraq mühüm ictimai hadisəyə çevrildiyini deyib. O bildirib ki, hər il on mindən artıq ziyarətçi bu sərgi vasitəsi ilə yerli və xarici təhsil müəssisələri, təqaüdlər, tələbə vizalarının verilməsi qaydaları və digər vacib məsələlər xüsusunda ən düzgün məlumatlar alır: "Azərbaycanlı tələbələr isə "Təhsil və Karyera" sərgisi sayəsində xarici ali təhsil müəssisələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Azərbaycan xaricdə təhsilə xüsusi əhəmiyyət verir və Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı buna dəlalət edir. Hazırda on min nəfərə yaxın azərbaycanlı tələbə xaricdə təhsil alır".

Qeyd edək ki, sabah "Bakı Ekspo" sərgi mərkəzində öz işinə başlayacaq 5-ci yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi oktyabrın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə