Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün bu il Dövlət Neft Fondundan 15 milyon manat vəsait ayrılıb. SİA-nın xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov məlumat verib. O bildirib ki, bu vəsait Azərbaycan gənclərinin yaşayış, təhsil, sığorta və illik gediş-gəliş xərclərinə sərf olunur. Onun sözlərinə görə, 2007-2015-ci illərdə xaricdə təhsillə bağlı Dövlət Proqramı"nın icrasına başlanandan sonra xaricdə təhsilə maraq daha da artıb. Hazırda Azərbaycandan kənarda 10 minə yaxın təhsil aldığını deyən nazir müavini vurğulayıb ki, onların çoxu ailə vəsaiti hesabına təhsili davam etdirir: \"2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində 5 min gəncin xaricdə təhsili nəzərdə tutulub. Ötən il 259 nəfər gənc təhsil almaq üçün müxtəlif ölkələrə göndərilib".
Q.Novruzov qeyd edib ki, hazırda ölkədə dəqiq elmlər, nanotexnologiya və fizika sahəsi üzrə mütəxəssislərə daha çox ehtiyac var: "Son iki ildə Dövlət Proqramına əsasən xaricdə təhsillə bağlı ixtisaslar seçilərkən Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın qərarı ilə yalnız müəyyən olunan ixtisaslar prioritet götürülür. Bunlar da əsasən, fundamental elmlər, mühəndislik, kənd təsərrüfatı və turizm sektoru ilə bağlı ixtisaslardır. Xarici ölkələrdə təhsil almaq istəyən gənclər daha çox biznes və iqtisadiyyat sahələrinə maraq göstərirlər. Ötən 4 il ərzində "2007-2015-ci illərdə xaricdə təhsillə bağlı Dövlət Proqramı"nın təqaüdçülərinin ixtisaslar üzrə göstəricilərini araşdıranda görürük ki, müraciət edənlərin 80 faizi iqtisadiyyat və idarəetmə elmlərini seçib. Bu il kənd təsərrüfatı üzrə cəmi bir neçə nəfər müraciət edib. Halbuki Azərbaycanda işləyən əhalinin 1/3-i aqrar sektorda çalışır. Təəssüflər olsun ki, xaricdə təhsil almaq istəyən gənclərin kənd təsərrüfatı və ekologiya sahələrinə maraq göstərmir. Ölkədə aqrar sektorun inkişafı üçün kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislərin hazırlanması olduqca vacibdir. Bu, həm də Azərbaycanın ərzaq idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsinə yardım edər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB