Azərbaycan Polşada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan Polşada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Polşanın Bialistok şəhərində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin təhsil nazirliklərinin iştirakı ilə "Go East, Erasmus – a ministerial debate" adlı beynəlxalq tədbir keçirilib. SİA-nın xəbərinə görə, beynəlxalq tədbir zamanı Şərq Tərəfdaşlığı ölkələrinin Erasmus proqramı çərçivəsində iştirak səviyyəsi, problemlər və perspektivlər müzakirə olunub. Əsas məqsəd ikinci Şərq Tərəfdaşlıq Samiti çərçivəsində təhsil nazirlərində Erasmus proqramı, ali təhsildə mobillik və ümumlikdə ali təhsil sahəsində gələcək prioritetləri daha da aydın görmələrinə kömək edə bilmək idi.

Tədbirdə Polşa, Latviya, Avstriya, Ermənistan, Moldova, Gürcüstan, Danimarkanın ali təhsil nazirliklərinin rəhbərləri iştirak etmişdir. Ölkəmizdən tədbirdə yalnız Azərbaycan Tələbələr Birliyinin Elvin Aslanov və Nurlan Əhmədovdan ibarət nümayəndə heyəti iştirak edib. Debat əsas olaraq iki hissədən ibarət olub: rəsmi çıxışların söylənməsi və təkliflərin verilməsi. Rəsmi çıxışlardan sonra tələbə birliklərindən Şərq Tərəfdaşlığı ölkələrində Erasmus proqramı ilə bağlı yaşanan problemlər və həlli yolları ilə bağlı təkliflər səslənib. Təkliflər olaraq Erasmus proqramı ilə Avropaya gedən tələbələrə viza prosedurunun sadələşdirilməsi, həmin ölkələrdə qalmaq və yaşamaq icazəsinin alınmasında kömək, Şərq Tərəfdaşlığı ölkələri üçün Erasmus büdcəsinin artırılması, təhsil nazirliklərinin təhsil müəssisələrini bu sahədə geniş fəaliyyət göstərməsinə kömək etməsi, mobillik proqramlarının tanınması və s. qeyd olunub.

Tədbirdən sonra Nurlan Əhmədov Polşa televiziyasına Erasmus proqramı və bununla bağlı Azərbaycandakı fəaliyyətlər ilə əlaqədar müsahibə verib. Tədbir çərçivəsində Polşada keçirilən Şərq Tərəfdaşlıq Samitinə təkliflər hazırlanıb göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə