Təhsil Nazirliyi tərəfindən bu günlərdə "Azərbaycanın təhsil nazirləri" kitabı çapdan çıxıb. Kitabda 1918-ci ildə ilk dəfə müstəqillik qazanan və bu günə kimi mühüm inkişaf yolu keçən Azərbaycan təhsilinin indiki səviyyəyə çatmasında rolu olan nazirlər haqqında məlumatlar öz əksini tapıb. SİA-nın məlumatına görə,nəşrin layihə rəhbəri təhsil naziri, professor Misir Mərdanov, redaktoru isə siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadədir. Azərbaycanda təhsil sahəsində mərkəzləşmiş rəhbərliyi həyata keçirən ilk dövlət qurumu ötən əsrin əvvəllərində, Azərbaycan Demokratik Respublikası dövründə yaradılıb. Kitabda, həmin dövrdən indiyədək Azərbaycanın təhsil sisteminə rəhbərlik etmiş şəxslər və onların fəaliyyəti haqqında məlumatlar öz əksini tapıb.
Kitabda "Müstəqil Azərbaycan" ideyasının və təhsil sisteminin milliləşdirilməsi konsepsiyasının müəllifi, böyük maarifçi Nəsib bəy Yusifbəyli, 1919-cu ildə ölkədə xalq maarifi və dini etiqad naziri vəzifəsində çalışan Rəşid xan Qaplanov, Azərbaycanda təhsil müəssisələrinin milliləşdirilməsinə, ölkənin şəhər və kəndlərində ana dilində məktəb, seminariyaların açılmasında böyük xidmətləri olan Həmid bəy Şahtaxtinski, 1920-ci ildə Azərbaycanda xalq maarifi və dini etiqad naziri vəzifəsində çalışan Nurməhəmməd bəy Şahsuvarov haqqında dolğun məlumatlar verilib. Kitabda həmçinin Azərbaycanın xalq maarifi komissarları Dadaş Bünyadzadə, Mustafa Quliyev, Ruhulla Axundov, Maqsud Məmmədov, Ağa Sultanov, Mahmud Ağayev, Məmməd Cuvarlinski, Müseyib Şahbazov, Məmmədsadıq Əfəndiyev, Mirzə Məmmədov, Mirzə İbrahimov, Məmməd Ələkbərovun həyat və fəaliyyəti haqda məlumatlar yer alıb. Azərbaycanın xalq maarifi nazirləri adlı hissədə müxtəlif illərdə ölkədə xalq maarifi naziri vəzifəsini icra edən Mehdi Mehdizadə, Rəhim Rəhimov, Elmira Qafarova, Kamran Rəhimov, Tofiq Hacıyev, Azərbaycanın Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədrləri Əkbər Ənnağıyev, Musa Ağayev, Tofiq Allahverdiyev, Heydər İsayev, Azərbaycan Ali və Orta İxtisas Təhsili Komitəsinin sədrləri Şirəli Məmmədov, Abdulla Qarayev, Azərbaycanın ali və orta ixtisas təhsili nazirləri Züleyxa Hüseynova, Danil Quliyev, Qurban Əliyev, Ağalar Abbasbəyli, Azərbaycanın xalq təhsili nazirləri Müslüm Məmmədov, Rafiq Feyzullayev, Firudin Cəlilovun həyatı, ictimai fəaliyyəti barədə geniş məlumat verilib. Kitabdakı Azərbaycanın təhsil nazirləri başlıqlı hissədə isə 1993-cü ildən 1997-ci ilədək təhsil naziri vəzifəsini icra edən Lidiya Rəsulova, 1998-ci ildən ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunan baş müəllim Misir Mərdanovun həyat və fəaliyyəti barədə ətraflı məlumatlar öz əksini tapıb.
Kitabda bu günədək Azərbaycan təhsilinə rəhbərlik etmiş şəxslərin hərtərəfli fəaliyyətini əks etdirən fotolar da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB