Almaniyalı qonaqlar BDU-nun qonağı olublar

Almaniyalı qonaqlar BDU-nun qonağı olublar

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Manheim Universitetinin Molekulyar və Hüceyrə İnstitutunun direktoru, Manheim Tədqiqi elmlər universiteti Biotexnologiya fakültəsinin dekan əvəzi, Almaniya Akkreditasiya mərkəzinin üzvü Mathias Hafner və Heydelberq Universiteti Manheim Tibb fakültəsinin tədqiqat qrupunun rəhbəri Ralf Jesenofski ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə BDU-nun yaranma və inkişaf tarixi haqqında qonaqlara məlumat verən rektor Abel Məhərrəmov onun beynəlxalq əlaqələrindən, Almaniya universitetləri ilə əməkdaşlıqdan, tibb və biotexnologiya sahəsində münasibətlərin qurulmasından bəhs edib. Rektor universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin hazırlanmasının əhəmiyyətini də qeyd edib.

Məlum olub ki, qonaqlar BDU ilə daha geniş əlaqələr qurmaq niyyəti ilə universitetdə molekulyar qenetikaya aid 5 günlük treyninq keçirəcəklər. Qonaqlar bildiriblər ki, bu sahələrin daha da inkişafı üçün əlaqələrin qurulması, dərinləşməsi, irəli sürülən təkliflərin reallaşması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə Manheym Universitetinin Azərbaycanlı tələbələr və tədqiqatçıların rəhbəri Vüqar Yaqublu da iştirak edib. Qonaqlar universitetin Biologiya fakültəsinin İmmunologiya laboratoriyası, Molekulyar biologiya sahəsində qrant hesabına Vestminister Universiteti ilə birgə açılan distant təhsil laboratoriyası və Kimya fakültəsinin NANO texnologiya mərkəzi və digər qurumları ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə