Oktyabrdan USAİD yeni Azərbaycanda Səhiyyə Sektorunun Gücləndirilməsi Layihəsinə start verəcək

Oktyabrdan USAİD yeni Azərbaycanda Səhiyyə Sektorunun Gücləndirilməsi Layihəsinə start verəcək

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi layihəsi 2011-ci ilin oktyabr ayında sona çatır. SİA-nın xəbərinə görə, bağlanışını qeyd etmək və son dörd ildə əldə etdiyi uğurlar barədə məlumatla bölüşmək üçün layihə yekun konfransını keçirib. Azərbaycanda səhiyyə islahatlarında əldə etdiyi mühüm irəliləyişlər münasibətilə USAİD layihə tərəfdaşlarını təbrik edib.

"Əldə olunan irəliləyiş və Azərbaycan hökumətinin səhiyyə islahatlarına dövlət dəstəyinin artırılması, habelə səhiyyə və sosial xidmətlərin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılmasına olan münasibəti bizi ruhlandırır", - deyə USAİD-in Azərbaycan missiyasının direktoru Maykl Qrin qeyd edib.

Abt Associates təşkilatı tərəfindən icra olunan layihə Azərbaycanın ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün çalışıb. Layihə səhiyyə sektorunda siyasətin gücləndirilməsində, səhiyyə informasiya sistemlərinin və səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsində, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün əsasın qoyulmasında, həmçinin vərəmin qarşısının alınması və müalicəsi, ilkin səhiyyə, habelə ana, neonatal və uşaqlara qayğı sahəsində xidmətlərin təkmilləşdirilməsində Azərbaycan hökumətinə texniki yardım göstərib. Layihə Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki rayonlarında həyata keçirilib.

Yekun konfransda layihənin əməkdaşları layihənin 2007-ci ilin sentyabr ayından başladığı vaxtdan əldə olunan nəticələr və təcrübə ilə bağlı fikirlərini bölüşüblər. Səhiyyə nazirliyinin, Milli Məclisin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Elmi-tədqiqat mamaliq və ginekologiya istitutunun, Elmi-tədqiqat ağ ciyər xəstəlikləri institutunun, həmçinin Dünya Bankı və Səhiyyə nazirliyinin Səhiyyə sektorunda islahatlar layihəsinin nümayəndələri layihə ilə olan əməkdaşlıqları barədə danışıblar. USAİD Azərbaycanda səhiyyə sektorunun gücləndirilməsinə dəstək göstərməkdə davam edəcək və 2011-ci ilin oktyabr ayında yeni Azərbaycanda Səhiyyə Sektorunun Gücləndirilməsi Layihəsinə start verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə