Azərbaycanda ilk dəfə olaraq rezidenturaya qəbul imtahanları keçirilir

Azərbaycanda ilk dəfə olaraq rezidenturaya qəbul imtahanları keçirilir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanı keçirir. SİA-nın xəbərinə görə, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə sentyabrın 12-dən 20-dək aparılıb. Bu müddət ərzində 1063 nəfər ərizə təqdim edib ki, onlardan 763 nəfəri qız, 300 nəfəri isə oğlanlardır. Rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 300-dür.

Birinci mərhələnin imtahanı bu gün aparılır, ikinci mərhələnin imtahanı isə sabah keçiriləcək. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 40-dan az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun ixtisas seçimini təsdiq etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə