Nazir: \"Yeni layihə kənd təsərrüfatı sahəsində kadr hazırlığı məsələsinin təkmilləşdirilməsinə töhfələr verəcək\"

Nazir: \"Yeni layihə kənd təsərrüfatı sahəsində kadr hazırlığı məsələsinin təkmilləşdirilməsinə töhfələr verəcək\"

Təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya tərəfdən meneceri Herbert Strobelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, təhsil naziri M.Mərdanov Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. Bu işin uğurla davam etdirildiyini nəzərə çatdıran nazir "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"ni yüksək dəyərləndirərək, bununla bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq dəstək göstəriləcəyini bildirib.

Avropa İttifaqı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək layihənin uğurla reallaşdırılacağına ümidvar olduğunu söyləyən təhsil naziri birgə işin ölkədə kənd təsərrüfatı sahəsində kadr hazırlığı məsələsinin təkmilləşdirilməsinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. M.Mərdanov bildirib ki, layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçilməli, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə lazımi şərait yaradılmalıdır.

"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya tərəfdən meneceri Herbert Strobel layihəüzrə birgə görüləcək işləri nəzərə çatdırıb. Qonaq bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas müddəalardandır. H.Strobel layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçimi, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə görüləcək işlər haqqında söhbət açıb, layihə çərçivəsində çalışacaq ekspertlər üçün səmərəli iş şəraitinin yaradılması və digər məsələlərlə bağlı fikirlərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə