İmtahan suallarını işbazlardan almayın! AÇIQLAMA

İmtahan suallarını işbazlardan almayın! AÇIQLAMA

Son günlər rezidenturaya qəbul imtahanlarına hazırlaşan gənclərin çoxsaylı müraciətləri daxil olmaqdadır. Bu müraciətlərdə hansısa "ekspert"lərin rezidenturaya qəbul imtahanında istifadə olunması nəzərdə tutulan suallardan guya əvvəlcədən xəbərdar olduqları və həmin sualları müəyyən ödənişlər müqabilində kimlərəsə satdıqları qeyd olunur. Bununla əlaqədar olaraq TQDK açıqlama verib. TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya açıqlamasında bildirib ki, rezidenturaya qəbul imtahanı ilə bağlı böyük həcmli testlər bankı yaradılıb. Bu banka baza ali tibb təhsili səviyyəsinin hər bir istiqaməti üzrə ayrılıqda bir neçə min sual daxildir ki, həmin sualların formalaşdırılmasında onlarla yerli və xarici ekspert iştirak ediblər. Xarici ekspertlər əsasən Türkiyə Respublikasından, Rusiya Federasiyasından, eləcə də MDB-nin bir sıra respublikalarını təmsil edirlər. Hər bir sual test bankına təqdim olunduqda tamamilə fərqli ekspertlər tərəfindən yoxlamadan keçirilib və müəlliflərin özlərinin təqdim etdikləri hansı sualların banka daxil edildiyini bilməsi mümkünsüzdür. Ümumilikdə isə, qeyd olunan test bankında olan sualların həcminin çoxluğu, məxfiliyin xüsusi kompyuter proqramları ilə qorunması həmin suallardan hər hansı şəxs və ya şəxslərin xəbərdar olması imkanlarını tamamilə aradan qaldırır. Ekspertlər təsadüfi seçim əsasında kompyuter proqramlarının təqdim etdiyi sual variantlarının son ekspertizasını aparır, həmin suallarda texniki səhvin olub-olmadığını yoxlayırlar. İmtahan başa çatanadək onlar qapalı rejimdə çalışacaqlar. TQDK rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə çatdırırıq ki, əsassız fikirlərə, müxtəlif "işbazlar"ın yalan vədlərinə inanmasınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə