Rezidenturaya qəbul imtahanlarında 1056 namizəd iştirak edəcək

Rezidenturaya qəbul imtahanlarında 1056 namizəd iştirak edəcək

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başa çatıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, ərizə qəbulu sentyabrın 12-dən 20-dək (saat 10:00-dək) aparılıb və nəticədə 1056 namizəd ərizə verib.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə Bakı şəhərində keçiriləcək. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Birinci mərhələnin imtahanı sentyabrın 24-də, ikinci mərhələnin imtahanı isə 25-də baş tutacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 40-dan az olmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə