Azərbaycan və Böyük Britaniya universitetləri arasındakı əlaqələr müzakirə olunub

Azərbaycan və Böyük Britaniya universitetləri arasındakı əlaqələr müzakirə olunub

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Böyük Britaniyada təhsil üzrə fəaliyyət göstərən ekspert Ömür Yeginsunu və Londonun Uimbildon İngilis dili Məktəbinin marketinq meneceri İzabel Klarkla görüşüb. SİA-nın xəbərinə görə, rektor Səməd Seyidov universitet rəhbərliyini qonaqlara təqdim etdikdən sonra Böyük Britaniya ilə mövcud olan əlaqələrdən söz açıb. ADU-da beynəlxalq münasibətlərin prioritet təşkil etdiyini bildirən S.Seyidov Böyük Britaniya universitetlərilə ADU arasında olan əməkdaşlığın genişləndiyini vurğulayıb. ADU-nun Böyük Britaniyanın Esseks Universiteti ilə əməkdaşlıq etdiyini bildirən rektor iki universitet arasında imzalanan müqavilənin şərtlərindən danışıb. Rektor Dillər Universitetində təhsil alan tələbələrin I-II kursları bitirdikdən sonra təhsillərini Esseks universitetində davam etdirərək ikili diplom alacaqlarını vurğulayıb.

Rəhbərlik etdiyi ali təhsil ocağının xarici əlaqələr sahəsində seçilən universitet olduğunu diqqətə çatdıran rektor bir çox ölkələrlə əlaqələrin günü-gündən artdığını diqqətə çatdırıb. TEMPUS proqramından danışan S.Seyidov ADU-nun TEMPUS layihələrinə ev sahibliyi etdiyini qeyd edib və Avropa Birliyi proqramlarında əməkdaşlıq etməyin çox vacib olduğunu vurğulayıb.

Londonda təhsilin inkişaf istiqamətlərinin təkmilləşdirilməsi üzrə ekspert kimi fəaliyyət göstərən Ömür Yeginsu ADU-nun Esseks Universiteti ilə əməkdaşlığının vacib olduğunu söyləyib. O, Esseksin Britaniyanın nüfuzlu universitetlərindən biri olduğunu diqqətə çatdırbı. Xanım Ömür Yeginsu ikitərəfli münasibətlərə təhsil sahəsindəki əməkdaşlığın təkan verdiyini önə çəkib.

Görüşdə həmçinin, gələcək əməkdaşlığın perspektivləri barəsində də geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, 1 saylı İngili dili fakültəsinin dekani Əfqan Abdullayev və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev də iştirak edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə